"Suqovuşanda düşmən alayının anbarları, sursat ehtiyatları, qərargahı külə çevrildi"

 17:46 03.10.2024     642

Bu gün Suqovuşanın Ermənistan işğalından azad edilməsinin ildönümüdür. Həmin şanlı günün üstündən 4 il keçir. Suqovuşan Qarabağın ən əhəmiyyətli ərazilərindən biri sayılır. Bu ərazinin hansı iqtisadi və strateji üstünlükləri var?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Suqovuşanın azad edilməsi müharibədə həlledici rolu oynadı:

"26 illik işğaldan sonra kifayət qədər üstün mövqelərdə yerləşən işğalçı Ermənistan ordusunun Suqovuşan qəsəbəsi uğrunda döyüşlərdə darmadağın edilməsi bir daha qəhrəman ordumuzun nə qədər böyük döyüş potensialına malik olduğunu nümayiş etdirdi. Təbii ki, Suqovuşan Qarabağın şimal istiqamətində azad etdiyimiz ilk yaşayış məntəqəsi idi. Mənəvi psixoloji baxımdan bu ordumuz üçün çox vacib və əhəmiyyətli addım idi. Digər tərəfdən isə Suqovuşanın yerləşdiyi ərazi bizim üçün strateji əhəmiyyətə malik idi. İlk növbədə Azərbaycan ordusu Suqovuşanın müdafiəsini təşkil edən düşmənin altıncı dağatıcı alayının daha üstün mövqelərdə olmasına baxmayaraq, darmadağın etdi. Alayın şəxsi heyətinin böyük bir hissəsi məhv edildi. Alayın anbarları, sursat ehtiyatları qərargahı külə çevrildi".

Hərbi ekspertin sözlərinə görə, bu ərazidə ətraf rayonları su ilə təmin edəcək qədər mühüm su anbarı var:

"Suqovuşanın azad edilməsi ilə Azərbaycan bir çox mühüm əhəmiyyətə malik yol qovşaqlarını, o cümlədən Basarkeçər rayonundan gəlib Ağdərədən keçməklə Xankəndiyə qədər uzanan və Ermənistanın ikinci dəhliz adlandırdığı magistral yolun bir hissəsini atəş nəzarətinə aldı. Bu, düşmənin həm şimal istiqamətində əlavə qüvvələr yeritməsini, həm də həmin müdafiə rayonunda manevrlərini kifayət qədər məhdudlaşdırdı. Hər tərəfdən isə təbii ki, Suqovuşanın azad edilməsi, böyük bir su anbarının nəzarətimizə keçməsi və sonradan da bu su anbarlarından ətraf rayonların su təchizatında istifadəsinə mühüm imkanlar yaratdı. Suqovuşan qəsəbəsinin Azərbaycanın nəzarətində olması paralel olaraq Ermənistan ordusuna şimal istiqamətindəki qoşunları daha çox məğlubiyyətə məruz qaldığı cənub istiqamətinə köçürməyə imkan vermədi".

Türkan İSGƏNDƏRLİ