"Biz tam peşəkar orduya keçidin əleyhinəyik" - AÇIQLAMA

 17:19 16.10.2024     413

Xəbər verdiyimiz kimi, 2024-cü ilin oktyabr ayınadək olan dövr ərzində hərbi xidmətdən yayınmaya görə 56 cinayət işi açılıb. Nəticədə 448 nəfər yararlı çıxıb.

Əsgərlikdən yayınmaların azalması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirdi ki, bu hallara qarşı bir neçə mübarizə üsulundan istifadə edilməlidir.

"Bunlardan biri qanunvericiliklə bağlıdır. İslahatlar aparılmalıdır. Bizim ordu Türkiyə modelinə keçir və bu istiqamətdə atılan addımlar müsbət təsir göstərir. Gələcəkdə müqaviləli peşəkar ordu sisteminə keçid də baş verə bilər. Amma biz tam peşəkar orduya keçidin əleyhinəyik. Adətən bəziləri Avropa ölkələrini misal gətirir. Biz təhlil edəndə görürük ki, ən az yayınmalar olan ölkələrdən biri Azərbaycandır. Bunu müharibə vaxtı da gördük. Hərbçilərdən əlavə mülki şəxslər könüllü olaraq döyüşə getdi. Təbii ki, müəyyən kiçik rəqəmlər var. Bu rəqəmlər də böyük rəqəmlərin içərisində təhlil edəndə kiçik bir faizdir. Amma bu da olmamalıdır. Digər mübarizə üsulu isə maarifləndirmədir. Gənclər vətənpərvər ruhda yetişdirilməlidir. Yayınmanı sıfır vəziyyətinə gətirmək mümkün olmasa da, faizi aşağı endirmək mümkündür. Amma yenə də deyirəm, açıqlanan rəqəmləri təhlil edəndə 10 minlərlə gənc xidmətə gedir və onun içərisindən 300-500 nəfərin yayınması olur".

Ekspertin sözlərinə görə, bəzi hallarda qanuni olaraq əsgərliyə getmə müddətini uzatmaq mümkündür.

"Əsgərliyə getmə müddətini uzatmaq mümkündür. Bunlardan biri təhsillə bağlıdır. İkinci ailə vəziyyəti ilə bağlıdır. Yəni ata-anasından biri əlildirsə və ya yoxdursa ona qalıb qulluq edə bilər. Üçüncü halda isə özünün sağlamlığı buna imkan vermir. Digər səbəb isə iki övladı olarsa, dövlət onu aparmaq istəmir ki, o da öz ailəsinə baxsın. Belə hallara isə çox az rast gəlinir. Bəzi xəstəliklər var ki, üç, altı ay və yaxud da bir il möhlət verilir. O, sağalandan sonra əsgəri xidmətə göndərilir", - deyə Emin Həsənli qeyd etdi.

Türkan İSGƏNDƏRLİ