Xaric edilən kursantlar hərbi xidmətə göndəriləcək: Yeni QAYDA

 13:57 18.10.2024     382

Milli Məclis xaric edilən kursantların müddətli həqiqi hərbi xidmətə göndərilməsi qaydasını birinci oxunuşda təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduqlarına görə xaric edilən və ya müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndəriləcəklər.

Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanacaq və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılacaqlar.

Dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.