"Ordumuz dünyaya ağır texnika olmadan zəfər əldə etməyin mümkün olduğunu sübut etdi"

 12:22 08.11.2024     376

Bu gün 44 günlük Vətən müharibəsi, 8 noyabr - Zəfər Günündən dörd il keçir. 2020-ci il sentyabrın 27-dən etibarən başlayan zəfər yürüşü noyabrın 8-də başa çatdı və Azərbaycanın əzəli torpaqları düşməndən təmizləndi.

Mövzu ilə bağlı Redaktor.az-a danışan  hərbi ekspert Azər Bayramov bildirdi ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılıb. Onun sözlərinə görə, bu müharibə Ermənistan və onun havadarlarını iddialarını alt-üst etdi.

"Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman ordumuzun həyata keçirdiyi əks-hücum fəaliyyəti uzun illərdir həsrətlə gözlədiyimiz qəti qələbə ilə nəticələndi. 30 ildən artıq bir müddətdə Azərbaycanın torpaqlarını havadarlarının dəstəyi ilə işğal altında saxlayan Ermənistan, nəinki işğal etdiyi ərazilər, hətta yeni ərazilərin işğal edilməsi ilə bağlı fikirlər irəli sürürdü. Ermənistanın sabiq müdafiə nazirinin bu istiqamətdə verdiyi açıqlamalar məhz onların növbəti genişmiqyaslı təxribata hazırlaşdıqlarının göstəricisi idi. Xüsusilə də təmas xətti boyunca, 2020-ci il 27 sentyabrda genişmiqyaslı təxribata başlayan Ermənistanın bu davranışlarına cavab olaraq Azərbaycanın əks-hücum fəaliyyəti həyata keçirdi. Bildiyimiz kimi Ermənistanın 30 il ərzində qurduğu bir çox mühəndis maneələri var idi ki, düşmən tərəfi bunu keçilməz kimi qələmə verirdi. Ancaq Azərbaycan ordusunun qəhrəman hərbçiləri illər ərzində qurulmuş mühəndis maneələrini çox qısa zaman ərzində yararaq əks-hücum fəaliyyətinə başladı və döyüşün ilk günündə Cəbrayıl və Füzulinin bir neçə kəndini işğaldan azad etdi. Məhz elə bu mühəndis maneələrinin qısa müddət ərzində dağıdılması bu günləri dünyanın təhsil müəssisələrində, araşdırma mərkəzlərində öyrənilməkdədir və analoji olaraq dünyada baş verən müharibələrə baxdığımız zaman qoşunların əsas çətinlik çəkdiyi həmin mühəndis maneələrinin keçirilməsidir ki, Azərbaycan bu çətin və ağır tapşırığın öhdəsindən qısa zaman içərisində gəldi. Paralel olaraq da düşmənin dərinlikdə yerləşən mövqelərinə keçmiş təmas xəttinə yaxın kəndlərin qısa müddət ərzində işğaldan azad edilməsini təmin etdi. Bundan sonra hücum istiqaməti kimi Cəbrayıla, oradan Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşanın azad olunması proseslərini izlədik.

Qeyd etməliyik ki, Azərbaycan ordusunun həyata keçirdiyi unikal manevr və taktikalar var idi ki, düşməni çıxılmaz vəziyyətə saldı. Orada əsasən düşmənin gözləmədiyi istiqamətlərdən kiçik qruplarla dərinliyə sızması, idarəetmədə koordinasiyada ciddi yaratması məhz düşmən ordusunda pərakəndliyə və xaosa səbəb oldu. Bundan sonra da biz Ermənistan ordusunda fərarilərin artdığını müşahidə etdik. Xüsusilə də istər düzənlik ərazi, istər dağlıq relyefdə məhz Azərbaycan ordusunun qarşısına qoyduğu tapşırıqları uğurla icra etməsi çox effektiv yoldu. Hansı ki, onlarda belə mif də formalaşmışdı ki, Azərbaycan düzənlik ərazidə irəliləsə də məhz dağlıq ərazilərdə bu əks-hücumun qarşısını ala biləcəklər. Ancaq Hadrutda həyata keçirilən əməliyyat düşmənin bu mifini də darmadağın etdi. Hansı ki, orada nisbətinə baxdığımız zaman yetərincə, canlı qüvvəsi, silah-sursatı və texnikası var idi. Ancaq onlar çox qısa zaman içərisində sıradan çıxarıldı və ondan sonra biz düşmənin ehtiyatlarının cəmlənməsi, təminat-təchizat məsələlərində ciddi şəkildə problemlə üzləşdiyini müşahidə etdik. Əlbəttə, düşmən dəfələrlə yenidən hücuma keçərək əraziləri işğal etmək üçün cəhdlər etsə də, heç bir nəticə vermədi. Tam əksinə düşmən qüvvələri tamamilə darmadağın edildi və bildiyimiz kimi, onun məhz həyata keçirdiyi Şuşa əməliyyatı birmənalı olaraq Azərbaycan ordusunun şah əsəri idi".

Hərbi ekspertin sözlərinə görə, ordumuz dünyaya ağır texnika olmadan zəfər əldə etməyin mümkün olduğunu sübut etdi.

"Ümumilikdə baxdığımız zaman məhz İkinci Qarabağ müharibəsi yeni nəsil müharibələrin aparılması yönündə bir model kimi formalaşdı. Burada qoşun növləri ilə yanaşı, digər silahlı birləşmələrin də bir çox əməliyyatlara cəlb edilməsi və koordinasiyalı olaraq qarşıya qoyulmuş tapşırıqların uğurla icra olunmasının çox ağır və çətin bir proses olduğunu nəzərə alsaq, Azərbaycan ordusu və digər silahlı birləşmələri məhz cənab Ali Baş Komandanın rəhbərliyi altında bu prosesi uğurla icra etdi. Ermənistan tərəfi və onun havadarları belə bir fikir formalaşdırmışdılar ki, Azərbaycanın əldə etdiyi uğurlar, yeni texnologiya və yaxud da pilotsuz aparatlar, digər texniki vasitələrlə sayəsindədir. Ancaq Şuşa əməliyyatı bu fikirləri bir daha darmadağın etdi. Hansı ki, Şuşanın azad olunmasında hər hansısa bir ağır texnika, silah-sursatdan istifadə etmədən yalnız şəxsi heyətin üzərində olan yüngül atıcı silahlar və eyni zamanda əl qumbaraları ilə silahlanmış hərbçilərimiz müxtəlif istiqamətlərdən Şuşaya doğru dağlar, qayaların üzərindən keçərək Şuşanı düşməndən azad etdilər və burada biz Azərbaycan ordusunun peşəkarlığını bir daha müşahidə etdik, hansı ki, cari dövrdə ən ağır döyüşlər məhz şəhər döyüşləridir. Ordumuz dünyaya sübut etdi ki, istər yeni texnologiyanın tətbiq olunması, istərsə də ağır silahlar, yeni texnoloji vasitələr olmadan yalnız şəxsi heyətin özünün peşəkarlığı, döyüş hazırlığı və şücaəti nəticəsində qarşıya qoyulmuş tapşırığı icra etmək mümkündür. Bu səbəblərdən dünyanın bir çox aparıcı ölkələrinin hərbi təhsil müəssisələri daxil olmaqla bir çox mərkəzlər var ki, həmin döyüşün öyrənilməsi yönündə müəyyən fəaliyyətlər aparırlar.

Belə nümunələr elə hesab edirəm ki, Ermənistan üçün ciddi dərs olmalıdır. Əlbəttə, bütün qələbələrimiz məhz şəhidlərimizin qanı canı bahasına əldə olunub. Bu səbəbdən Allahdan bütün şəhidlərimizə rəhmət, vətən uğrunda sağlamlığını itirmiş bütün hərbçilərimizə şəfa diləyirəm". 

Türkan İSGƏNDƏRLİ