Ekspert hərbi xidmət müddətinin azaldılmasından DANIŞDI - "Mövcud vəziyyətdə belə bir addımın atılması..."

 15:40 19.11.2024     93

Milli Məclisin deputatı Elnur Allahverdiyev Azərbaycanda daha az müddətdə hərbi xidmət keçirilməsi üçün alternativ modelin yaradılmasını təklif edib.

Deputatın sözlərinə görə, dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür: "Tutaq ki, müddətli həqiqi hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2 və ya 6 ay müddətində keçmək olar”.

Bəs müəyyən qədər rüsumla əsgərlik müddətinin azaldılması mümkündür?

Mövzu ilə bağlı hərbi ekspert Azər Bayramov Redaktor.az-a açıqlamasında bildirdi ki, ödənişli əsaslarla həqiqi hərbi xidmət müddətinin azaldılması ilə bağlı cari dövrdə hər hansısa bir addımın atılacağı real görünmür. Bunun da bir çox səbəbləri var:

"İlk növbədə, Ermənistan tərəfinin hələ də sülh sazişini imzalamaqdan imtina etməsi, nəinki sülh, tam əksinə olaraq, ordusunu yenidən formalaşdırmağa çalışması, havadarları tərəfindən silah-sursatla təmin olunması, əlbəttə ,sözügedən məsələyə təsir edən əsas amillərdən biridir. Regionda, eyni zamanda dünyada baş verən proseslərə baxdığımız zaman mövcud vəziyyətdə belə bir qərarın qəbul edilməsinin riskli olduğunu düşünürəm".

Azərbaycan təhlükəsizliyin təmin olunması istiqamətində yetərincə işlər  görür-Hərbi Ekspert Azər Bayramov | Informator informasiya portalı

Hərbi ekspert digər bir səbəbin texniki tərəflərlə bağlı olduğunu vurğuladı:

"Azərbaycan Silahlı Qüvvələrində bir çox ştat vəzifələr və ixtisaslar var ki, məhz  onları çağırışçı hərbi qulluqçular yox, peşəkar hərbçilər əvəzləyir və bu istiqamətdə də ciddi surətdə addımlar atılır. Həmin addımların nəticəsi olaraq da artıq Silahlı Qüvvələrimizin çağırışçılardan peşəkar hərbçilərə keçidini müşahidə edirik və dünyanın bir çox aparıcı ölkələrinin praktikasından da bunu görə bilərik. Nəticə olaraq sözügedən istiqamətdə addımların atılması ordumuzun gücləndirilməsinə xidmət edir.

"Elə hesab edirəm ki, gələcəkdə regionda sülhün və sabitliyin təmin olunmasından sonra məhz ödənişli əsaslarla həqiqi hərbi xidmət müddətinin azaldılmasını müşahidə edə bilərik. Bir daha qeyd edim ki, sözügedən məsələ çox ağır və vaxt tələb edən məsələdir ki, mərhələli və diqqətli yanaşma tələb edir. Zamanı gəldiyində bununla bağlı müsbət addımlar atıla bilər", - deyə A.Bayramov qeyd etdi.

Sevinc İBRAHİMZADƏ