"Azərbaycan istehsalı olan silahlar inkişaf etmiş ölkələrə ixrac edilir" - Hərbi ekspert

 17:50 22.11.2024     379

Azərbaycan bir çox sahədə olduğu kimi, hərbi sahədə də inkişaf edib. Artıq ölkədə yerli silah-sursatların istehsalı geniş vüsət alıb. Hətta bu hərbi avadanlıqlar dünyaya ixrac edilir. Bu da Azərbaycanın uğurundan xəbər verir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Azər Bayramov bildirdi ki, Azərbaycanın müdafiə sənayesi günü-gündən inkişaf edir.

"Məhz 2005-ci ildə cənab Ali Baş Komandanın tapşırığına uyğun olaraq Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının vaxtında verilmiş nə qədər əhəmiyyətli və strateji bir qərar olduğunu bu gün hər kəs görür. Xüsusilə də nazirliyin yaradılmasında əsas məqsəd müdafiə təyinatlı məhsulların istehsalı və əlimizdə olan bir çox silah-sursat, texnikanın təkmilləşdirilməsi yönündə çox ciddi fəaliyyətlərin aparılmasıdır. Eyni zamanda vaxtı keçmiş silah-sursatın utilizasiyası və istehsal olunan silahların idxal-ixrac məsələlərində nazirliyin xüsusilə rolunu qeyd etməliyik. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi atıcı silahlar, artilleriya üçün mərmilər, aviasiya və gəmilər üçün avadanlıqlar, radioelektron mübarizə vasitələri və bu qəbildən olan bir çox texnikanın inkişafı ilə məşğul olub".

Azərbaycan təhlükəsizliyin təmin olunması istiqamətində yetərincə işlər  görür-Hərbi Ekspert Azər Bayramov | Informator informasiya portalı

Ekspertin sözlərinə görə, Azərbaycan 1000-dən çox növdə silah, sursat və digər texniki avadanlıqların istehsalını həyata keçirir.

"Burada yerli ordumuzun və digər silahlı birləşmələrimizin tələblərini qarşılayacaq texnikaların xarici ölkələrə çatdırılması Azərbaycanın artıq gücünü göstərir. Bu gün çox az ölkə var ki, əsasən də silah-sursatla və mərmilərin təminatı ilə bağlı ciddi şəkildə problemlərlə üzləşir. Biz Rusiya, Ukrayna müharibəsi fonunda da bunu müşahidə edirik. Ancaq Azərbaycan atıcı silahlar daxil olmaqla və bir neçə artilliya mərmiləri var ki, onların mərmisini özü istehsal edir və tələbə uyğun olaraq tam şəkildə təminatını həyata keçirir.

Azərbaycanda  keçirilən ADEX-2024 hərbi texnika sərgisində də Azərbaycanın yeni məhsulları nümayiş olundu. Bu da ondan xəbər verir ki, məhz müdafiə sənayesi istiqamətində ciddi uğurlarımız var. Azərbaycanın silah, sursat, eyni zamanda bir çox texniki avadanlıqları Birləşmiş Ştatlar daxil olmaqla bir çox inkişaf etmiş ölkələrə ixrac edilir. Prezidentin məhz bu istiqamətdə islahatların aparılması və yeni qəbul olunmuş qanun və qaydalara əsasən daha da sürətli inkişaf müşahidə edəcəyik. Çünki burada təkcə artıq Müdafiə Sənayesi Nazirliyi yox, digər başqa yerli şirkətlərin də məhz sözügedən məsələ ilə bağlı fəaliyyəti nəzərdə tutulur. Bu da gələcəkdə bu sahənin inkişafını və eyni zamanda dünya silah rəqabətliliyini bizim lehimizə olaraq möhkəmləndirilməsinə xidmət edəcək",- deyə A. Bayramov qeyd etdi. 

Türkan İSGƏNDƏRLİ