"İllər öncə ata ilə oğul eyni vaxtda hərbi xidmət keçiblər" - Polkovnikdən çağırış yaşı ilə bağlı TƏKLİF

 15:46 13.12.2024     1046

Xəbər verdiyimiz kimi, hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir.

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Redaktor.az-a açıqlamasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliklə bağlı fikirlərini bölüşdü.

Onun sözlərinə görə, Azərbaycanda hərbi xidmətə çağırış müddətinin yuxarı yaş həddinin 30 olması da çoxdur:

"Bu, 27-28 yaşa endirilməlidir. Ona görə ki, artıq Qarabağ məsələsi həllini tapıb. Əvvəllər bu məqamı xüsusi olaraq vurğulayırdılar. Amma mən hesab edirəm ki, hərbi xidmətə çağırış yaşı da qaldırılmalıdır. Yəni 18 yaş çox tezdir. Mütəxəssislər yığışmalıdır, Elm və Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və güc strukturlarının nümayəndələri bu məsələni müzakirə etməlidirlər. Əvvəla, 18 yaş məsələsi 11-ci sinifi yenicə bitirmiş uşağın elm ardınca getməsini, təhsil almasını əngələ çevirir. Çünki ali məktəbə daxil ola bilməyən gənc 1 il 6 ay hərbi xidmətdə olduğu müddətdə 11 il ərzində aldığı savadı da unudur, sonradan elmə həvəsi də qalmır. Əgər insan mədəniyyətə, biznesə meyllidirsə, ona 2 il şərait yaratmaq lazımdır və xidmət heç vaxt gec deyil. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, hərbi qanunvericilik təkmilləşdirilməli və müasirləşdirilməlidir".

Polkovnik qeyd etdi ki, Azərbaycanda il ərzində 4 dəfə çağırışa heç bir halda ehtiyac yoxdur, 2 dəfə normaldır:

"Biz daha çox peşəkarlara üstünlük verməliyik, onlar Silahlı Qüvvələrdə xidmət etməlidirlər. Məsələn, 100 min nəfər çağırışçı əvəzinə, 50 min nəfərə yüksək səviyyədə həm şərait yaratmaq olar, həm də onları öyrətmək olar. İldə dörd dəfə çağırış komandirlər üçün də əlavə yükdür. Mən hesab edirəm ki, hərbi xidmət yaşı 27-28-ə endirilməlidir ki, bəzi neqativ hallar təkrarlanmasın, olmasın. Yaş fərqi 18-30 və ya 18-35 olanda disbalans yaranır. Sanki ata ilə oğul xidmət edir. Yeri gəlmişkən, illər öncə Müdafiə Nazirliyi sistemində Güzdəkdəki hərbi hissədə ata ilə oğul eyni vaxtda hərbi xidmət keçiblər. Bir sözlə, hərbi xidmətə çağırış müddətinin yuxarı yaş həddinin bir qədər də aşağı salınması həm gənclərimizə, həm də silahlı qüvvələrimizə böyük dəstək olar".

Sevinc İBRAHİMZADƏ