"Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı..." - Komitə sədrindən AÇIQLAMA
Prezident İlham Əliyev rusiyalı jurnalist Dmitri Kiselyova müsahibəsində bir çox mövzulara toxunub. Bunlardan biri də ölkəmizin hərbi gücünün artırılması ilə bağlıdır. Dövlət başçısı deyib ki, 2025-ci ildə hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən 5 milyard dollardır.
Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Redaktor.az-a açıqlamasında bildirdi ki, hərbi gücümüz olmasa, biz heç bir müstəvidə uğur qazana bilmərik. Onun sözlərinə görə, buna görə də sərhəd xəttini möhkənləndirmək və ordunu ən müasir texnikalarla təmin etmək əsas prioritetlərdəndir:
"Cənab Prezident İlham Əliyev 7-ci çağırış Milli Məclisin ilk iclasında ölkə qarşısında duran bəzi vəzifələr haqqında danışarkən bildirib ki, bir nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə və müharibə ocaqlarının yaradılması, ətrafımızda gərginliyin artması, eyni zamanda Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilərik. Növbəti önəmli vəzifə sərhədlərimizin qorunması ilə bağlıdır. Uzunluğu 500 kilometr olan sərhəd mürəkkəb relyefli ərazilərdən keçir. Sərhəd xəttini möhkənləndirmək üçün müasir istehkam qurğularının qurulmasına ehtiyac var. Əsasən, yüksəkliklərdə hərbi xidmət keçmək üçün yeni komandoların, hərbi birləşmələrin yaradılması zəruridir. Xüsusi xidmət və hüquq-mühafizə orqanlarının ən müasir texnika və texnologiyalarla təmin edilməsi prosesi davam etdirilməlidir".
Komitə sədri bildirdi ki, müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitin 8,5 milyard manata çatdırılması nəzərdə tutulur.
"Prezidentin Rossiya -1 telekanalına verdiyi müsahibədə də prioritet istiqamət kimi məhz müdafiə və təhlükəsizliyi qeyd etməsi regionda baş verən son hadisələrlə bağlıdır. Ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsiziliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, Qarabağ və Şərqi Zəngəzurun bərpası “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində ən mühüm istiqamətlərdən biri kimi nəzərdə tutulub. Müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitin 8,5 milyard manata çatdırılması nəzərdə tutulur. Xərclərin əsas istiqamətləri müdafiə qüvvələri, milli təhlükəsizlik, sərhəd xidməti ,o cümlədən, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlərdir. Müdafiə və xüsusi xidmət, hüquq-mühafizə orqanlarında șəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların maddi-texniki təminatının yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə müdafiə, hüquq-mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı məsələlər də layihədə nəzərə alınıb".
Arzu Nağıyev 2025-ci ildə hərbi qulluqçular üçün nəzərdə tutulan kompensasiya, zəruri xərclərin təminatı və mənzillə təmin olunması üçün ümumilikdə 50 milyon manat vəsaitin ayrılacağını dedi.
"Eyni zamanda kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara - ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla - ödənilən pul kompensasiyası üçün 2025-ci ilin dövlət büdcəsində 15 milyon manat, 20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması, zəruri xərclərin maliyyə təminatı üçün 35 milyon manat məbləğində vəsaitin nəzərdə tutulur", - deyə komitə sədri qeyd etdi.
Türkan İSGƏNDƏRLİ