Polad kimi Polad

 13:00 02.01.2025     269

Yeni ilin ilk günləridir… Yenilik arzuları ilə açılan hər sabah xoş hisslər yaradır. 50 il öncə belə xoş sabahlardan birində qədim Qəbələnin Vəndam qəsəbəsində bir körpə dünyaya gəldi və doğulduğu ailəyə səadət, xoşbəxtlik və sevinc gətirdi. 2- ci Dünya Müharibəsinin veteranı olan babası ona Polad adını verdi, valideynləri də onun polad kimi əyilməz və məğrur olmasını arzuladılar…

Adı onu ömrü boyu izlədi, polad kimi ağır bir missiyanın ardınca apardı. Hərbi məktəbə daxil olan kimi cəbhə bölgəsinə yollandı, hələ 17 yaşında ikən ən ağır döyüşlərdə iştirak etdi. Ağdam və Murovdağ döyüşləri onu yaşından tez mətinləşdirdi. Polad elə o döyüşlərdə böyüdü, polad kimi bərkidi və düşmənlərin qənimi oldu… İtirilmiş torpaqların azadlığını və canını fəda etmiş həmvətənlərinin intiqam anını və zəfər məqamını səbirsizliklə gözləyən Polad həmişə düşmənlə təmas xəttinin ən gərgin nöqtələrində xidmət etməyə üstünlük verdi. Düşməni məhv etmək üçün hər an ona daha yaxın olmaq istədi. Nəhayət o an gəlib çatdı. 2016-cı ilin Aprel döyüşlərində Polad öz iradəsini düşmənə göstərdi. Aprel döyüşləri zamanı Polad Həşimovun rəhbərliyi altında Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji məntəqələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu. Hal-hazırda həmin istiqamətdəki postlardan biri “Polad postu” adlanır.

4 il sonra 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinə Polad Həşimov artıq 3-cü Ordu Korpusunun Qərargah rəisi kimi qatıldı. Dövlət sərhədində düşmənin təxribatlarını dayandırıb onu layiqincə cəzalandıran Polad iyul ayının 14-də qəhrəmancasına şəhid oldu. Polad Həşimov 1988-ci ildən etibarən davam edən Qarabağ müharibəsində İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra həlak olan üçüncü Azərbaycan generalı oldu. Şəhidliyi ilə ölümsüzləşdi, millətin qəlbinə köçdü Polad Həşimov…

Dövlət başçımızın 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə general-mayor Polad Həşimov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görüldü.

Şəhadətə qovuşsa da Polad Həşimov adı yaşamaqda davam etdi, şərəflə xidmət etdiyi ordumuz üçün cəsarətin, hünərin, qələbənin və fədakarlığın rəmzinə çevrildi. Onun intiqam hissindən alovlanan azadlıq mücadiləsi bir an da olsa səngimədi. Əksinə, düşməni məhv etmək və torpaqlarımızı azad etmək üçün Ordumuz daha böyük inadkarlıq, daha böyük qətiyyət göstərdi. Polad Həşimov itkisi ordumuzu savaşa və qələbəyə aparan intiqamın, qisasın rəmzinə çevrildi. Ordumuz Poladın qanını yerdə qoymadı, Vətən müharibəsinə qalxdı və düşməni darmadağın etdi…

50 il əvvəl Polad Qəbələ rayonunda yaşayan bir ailə üçün – Həşimovlar nəsli üçün Yeni ilin yeni sevinci, yeni xoşbəxtliyi idi. Bu gün Polad bütün Azərbaycanın və Azərbaycanlıların Yeni ildə ilk xoş xatirəsi, qürur və iftixar mənbəyidir. Artıq hər il yanvarın ilk günlərində Polad Həşimov xalqın yaddaşında yenidən doğulur və təkcə öz ailəsinə yox, bütün Azərbaycan xalqına sevinc və xoşbəxtlik gətirir. Vətən belə oğullarla şanlı olur, şöhrətli olur. Dövlət Polad kimi oğullarla məğrur və yenilməz olur. Torpaq Polad Həşimov kimi qəhrəmanlarla Vətən olur. Torpaq, Dövlət və Vətən uğrunda canını qurban edənlər isə heç vaxt unudulmur. Onlar hər il yenidən doğulurlar. Polad Həşimov kimi!

 Cavanşir Feyziyev 

Millət vəkili