"Ermənistan ordusunda hələ də Paşinyanın tapşırıqlarını qulaqardına vuran generallar var" - Polkovnik
"Ermənistanın daxilindəki vəziyyət, ölkənin siyasi və hərbi strukturunu ciddi şəkildə sarsıdır. Baş nazir Nikol Paşinyan ötən il başladığı hərbi təmizləmə əməliyyatlarına bu il də davam edir. Son günlərdə Ermənistan ordusunun yüksək vəzifəli zabitlərindən biri olan Baş Qərargah rəisinin sabiq müavini general-leytenant Tiran Xaçatryan həbs edilib. Xaçatryan Paşinyanın istefasını tələb edən generallardan biri idi və onun həbsi Paşinyanın ordudakı nəzarətini möhkəmləndirmək məqsədini daşıyır".
Bunu Redaktor.az-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov son günlər Ermənistan ordusunun Azərbaycan mövqelərini tez-tez atəşə tutması bağlı danışarkən dedi.
"Bu günlər Ermənistan ordusunda hələ də Paşinyanın tapşırıqlarına ciddi yanaşmayan, o tapşırıqları qulaqardına vuran generallar var. Ondan əlavə, bu atəşkəsin müxtəlif istiqamətlərdə pozulması başqa dövlətlərin sifarişi ilə həyata keçirilir. O dövlətlər, hansılar ki, hələ də Qarabağın Azərbaycanın yurisdiksiyasına qayıtmasına, bəzən iynəli, ibarəli münasibət bildirirlər, həmin dövlətlərdir. Ermənistan heç nəyə nail ola bilməz və onun silahlanması da özü üçün növbəti fəlakətdir, çünki Ermənistan gözəl bilir ki, Azərbaycan bu müddət ərzində kifayət qədər ciddi silah-sursat alıb, ordusunu gücləndirib".
Polkovnikin sözlərinə görə, Paşinyan və Ermənistanın siyasi rəhbərliyi, bu hərbi silahlanma və xarici dəstəyə baxmayaraq, Azərbaycanın güclü hərbi reaksiyasından ehtiyat etməlidir.
"İndi bunlar silah almaqla heç nə edə bilməz. Ermənistanı Azərbaycana qarşı şüuraltı çox hazırlayacaqlar. Bu ölkələr arasında Fransa, Rusiya, Amerika, Yunanıstan, Cənubi Koreya, Hindistan kimi başqa ölkələr də var. Ona görə Ermənistanın bu hərəkətləri özündən başqa kiməsə bir ziyan gətirməyəcək. Ermənistan yenə də gözləyir ki, Azərbaycan onu və ordusunu cəzalandırsın və ondan sonra ağlını başına yığsın. Ermənistan Azərbaycandan lazım olan "şapalağı" almayıb. Ona görə bu günləri bu hərəkətlərə yol verir", - deyə Üzeyir Cəfərov bildirdi.
Türkan İSGƏNDƏRLİ