"Hərbi geyim formasının arxasında gizlənərək öz çirkin əməllərini həyata keçirirdilər" - Polkovnik
Xəbər verdiyimiz kimi, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə edilib.
Dəyişikliyə əsasən, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə, inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 800 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.
Məcəlləyə təklif edilən digər dəyişikliyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxsin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallarda daşımasına görə - 500 manatdan 700 manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, ölkəmizdə hərbi xidmətini başa vurmasına baxmayaraq, bəzilərinin hərbi forma geyinərək ictimaiyyət arasına çıxmasının şahidi oluruq. Xüsusilə Vətən müharibəsindən sonra veteran və qazilər arasında hələ də hərbi forma daşıyanları müşahidə edirik. Onların səhra geyimlərinin üzərinə müharibədən sonra təltif edildikləri medalları taxması da peşəkar zabitlər tərəfindən qınaqla qarşılanır.
Bəs insanların qanunsuz olaraq hərbi forma geyinməsinin səbəbi nədir? Yeni cərimələr qüvvəyə mindikdən sonra belə hallar azalacaqmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Şair Ramaldanov qeyd etdi ki, deputatlar seçiciləri ilə görüşdə xalq arasında olaraq cəmiyyətimizin bu məsələyə olan münasibətini dəfələrlə eşidiblər, müraciətlər alıblar. Onun sözlərinə görə, sosial media platformalarında da hərbi geyimlə bağlı məhdudlaşdırıcı qərarların qəbul edilməsiylə bağlı müraciətlər olub:
“Hər bir cəmiyyətdə hərbi geyimdə olan insana həmişə hörmət olunub. Azərbaycanda xüsusən də Vətən müharibəsindən sonra hərbi geyimi geyinmiş insan qələbəni təmsil edən bir insan kimi qəbul olunurdu və hərbi geyimdə olan hər hansı bir vətəndaşa həmişə hörmətlə yanaşaraq onun müraciətlərini diqqətlə dinləyirdilər. Ancaq bir müddət keçəndən sonra bəzi şəxslər hərbi geyim formasını geyinərək onu məhz çirkin əməlləri üçün istifadə edirdilər. Özlərini qazi adlandıran, bəzən heç müharibə iştirakçısı olmayan şəxslər hərbi forma geyinib müxtəlif əməllər törədiblər. Hüquq-mühafizə orqanları dəfələrlə belə şəxsləri saxlayıb. Hərbi geyim formasının arxasında gizlənərək öz çirkin əməllərini həyata keçirirdilər. Bu kimi faktlar və onların davranışı da cəmiyyətimizdə narazılıqla qarşılanırdı. Çünki xalq bilir ki, doğurdan da döyüşən əsgər, döyüşçü heç vaxt belə addımlara yol verməz və o formanı geyinərək hörmət gətirən addımlarla seçilirlər. Hətta tikintilərdə, ümmumiyyətlə hərbi ilə əlaqəsi olmayan bir çox işlərdə, hərbi formanı iş görmək üçün istifadə edilməsinin də şahidi olmuşuq. Bu da cəmiyyət tərəfindən çox ciddi tənqid olnurdu və bununla bağlı müraciətlər də olunurdu ki, hərbi geyimdə bu kimi işlər aparılır”.
Polkovnik qeyd etdi ki, hərbi geyim forması qanunla tənzimlənib:
"Həqiqi hərbi xidmətdə olanlar və yaxud səfərbərliklə çağırılıb hərbi xidmətdə ayrılan heyyət hərbi geyim formasını ancaq xidməti dövründə daşıya bilər. Qalan hallarda hərbi geyim formasını daşımaq qanunsuz sayılır. Zabitlər, gizirlər və digər daimi xidmət edən heyətin xidməti başa çatdıqdan sonra, yəni təqaüdə çıxdıqda onların sənədlərində bənddə qeyd olunur ki, təqaüdə çıxaraq hərbi forma geyinməsi ixtiyarı verilir və ya verilmir. Bu, bir təşəkkürnamə kimi qəbul olunur, hərbi xidmət zamanı qüsürsuz xidmət edən heyətə təqaüdə çıxdıqdan sonra belə bir bənd nəzərdə tutulub. Qalanlarında isə təqaüdə çıxsalar da, bu bənd qeyd olunmayıbsa, hərbi geyim formasını geyinmək qanunsuz sayılır”.
Şair Ramaldanov bildirdi ki, təqaüdə çıxan hərbiçilər demək olar ki, az hallarda hərbi geyim formasından istifadə edirlər: “Rəsmi tədbirlərdə, Silahlı Qüvvələrin ildönümü ilə bağlı, Şəhidlər xiyabanını ziyarət edərkən, təqaüddə olan hərbiçilər bu geyimlərdən istifadə edirlər.
İncəsənət sahəsində müğənnilər və yaxud kino çəkəndə aktyorlar geyim formasından istifadə etməsinə müsbət baxıram. Çünki vətənpərlik mövzusuna uyğun olur. Vətən müharibəsi zamanı və müharibədən sonra hərbi geyim formasında vətənpərlik mövzusunda çoxsaylı müğənnilərimiz mahnılar ifa etdilər. Hərbi geyim formasında ifa etdikdə mahnının məzmunu tamaşaçılar tərəfindən daha yaxşı anlaşılır”.
Hərbi ekspert əlavə etdi ki, dələduzluq məqsədilə hərbi geyim formasını istifadə edənlər, hörmətdən salanlar çoxalmışdılar.
"Bununla bağlı həm hərbi polis tərəfindən, həm də DİN nümayəndələri ilə birlikdə nəzarət altına alaraq, proseslərin qarşısını ala bildilər. Ona görə də hərbi geyimlə bağlı atılan addımlar, cərimələrin müəyyən edilməsi çox yaxşı bir addımdır. Hərbi geyimlərin satışda olduğu mağazalar var. Düşünürəm ki, mağazalar hərbi geyim formasını alarkən hərbçi olduğu haqqında sənədlər təqdim olunmalıdır. Hərbi geyim forması hörmət rəmzidir, bizim cəmiyyətdə çox istənilən bir geyim formasıdır və əlbəttə bunu hörmətdə saxlamaq üçün məhz qanunvericilikdə dəyişiklik edərək tənzimlənməsini məqsədyönlü sayıram”,- deyə həmsöhbətimiz qeyd etdi.
BƏNÖVŞƏ