Qazinin köməyə ehtiyacı var - “Bəlkə də 100 mindən çox lazımdır...”

 14:23 28.02.2025     136

Qəbələnin Aydınqışlaq kənd sakini, Vətən müharibəsi iştirakçısı Qasımov Nurlan Gündüz oğlu “Veqener qranulomatozu” (Xəstəlik nekrotik vaskulit olub yuxarı tənəffüs yollarının, ağciyərlərin və böyrəklərin kiçik damarlarını zədələyir) xəstəliyindən əziyyət çəkir. 

Redaktor.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun atası Gündüz Qasımov məlumat verib. 

Qazinin valideyninin sözlərinə görə, övladının xəstəliyinə səbəb müharibə zamanı olan soyuqdəymədir: “Oğlum 44 günlük Vətən Müharibəsinə könüllü yollanıb. 2020-ci ilin sentyabrından dekabr ayınadək Tərtər-Ağdərə istiqamətində döyüşüb. Səhhətindəki problemlər cüzi olsa da, müharibədən sonra özünü göstərirdi. Müalicələr edirdik, keçirdi. Lakin 2024-cü ilin sentyabrında vəziyyəti pisləşdi.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna apardıq. Ciyərində qara nöqtə aşkarlandı. Və “Veqener qranulomatozu” diaqnozu qoyuldu. Müalicəyə başladıq. O qədər sistem köçürüldü ki, vəziyyəti daha da ağırlaşdı. Bundan sonra özəl xəstəxanalara üz tutduq. Hazırda maddi dəstəyə ehtiyacımız var”. 

G.Qasımov, həmçinin qeyd edib ki, oğlu hazırda “Liv Bona Dea” özəl xəstəxanasında müalicə alır: “Artıq bir həftədir burada müalicəni davam etdiririk, bununla da 12 mindən çox pul çıxıb. Çatdıra bilmirəm, hər kəsdən kömək istəyirəm, borc alaraq oğlumu həyatda tutmağa çalışıram. Bir çox qurumlara bizə yardım etmələri ilə bağlı müraciət ünvanlamışam, kömək istəmişəm, hələ ki, cavab yoxdur. Tam olaraq bizə nə qədər pul lazım olduğunu dəqiq deyə bilmirəm, bu məbləğ çoxdur. Çünki gün ərzində xəstəxanada yatmağa və dava-dərmana xeyli pul çıxır. Dediyim kimi, təkcə 1 həftəyə 12 min xərcləmişik. Bilmirəm, bəlkə də 100 mindən də çox lazımdır...

Oğlumun aldığı tək müavinət veteran iştirakçısı olmasına dair verilən aylıq 80 manatdır. Çox istəyirəm ki, mənə dəstək olub, 34 yaşlı oğlumu həyatda tutasınız...”

Nurlan Qasımova kömək etmək istəyənlər: (050) 713 19 03 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Kart hesabı: 5103071407246541

Məlumat üçün bildirək ki, Qasımov Nurlan Gündüz oğlu əlilliyi müəyyən olunan şəxs olmadığı üçün “YAŞAT” Fondunun subyekti hesab edilmir. Belə ki, adıçəkilən Fond şəhid ailəsi üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunan şəxslərin təminatına göstərilən sosial tədbirlərə dəstək verir.