Şəhid polkovnik-leytenantın doğum GÜNÜDÜR

 11:45 01.03.2025     127

Bu gün Vətən müharibəsi və lokal antiterror tədbirlərində fəal iştirak edən şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun doğum günüdür.

Redaktor.az xəbər verir ki, “N” saylı hərbi hissənin qərargah rəisi olan Ə.Şadmanov 20 il Vətənə xidmət edib.

O, Vətən müharibəsi dövründə Qubadlı, Cəbrayıl istiqamətində gedən döyüşlərdə vacib yüksəkliklərin ələ keçirilməsində xüsusi şücaət göstərib. Şuşa ətrafında olan bir neçə yüksəkliyin müdafiəsi məhz Şadmanovun taboruna həvalə olunub.

44 günlük Vətən müharibəsinin yekunlarına görə Əkrəm Şadmanov vaxtından əvvəl polkovnik-leytenant hərbi rütbəsi, “İgidliyə görə” medalı, Qubadlı və Cəbrayıl rayonlarının azad olunmasına görə medalları ilə təltif olunub.

2022-ci ilin avqust ayında keçirilən “Qisas əməliyyatı” zamanı Ə.Şadmanov döyüş sənədlərinin hazırlanması, bölmələrin idarə olunması və xüsusi şücaət göstərərək Kəlbəcər rayonu ərazisində olan “Kömürdağ” yüksəkliyinin düşməndən azad edilməsində iştirak edib. Bir il sonra “Antiterror əməliyyatı” zamanı Ağdam-Xocalı istiqamətində döyüşlərin planlaşdırılmasında və aparılmasında xüsusi bacarıq nümayiş etdirərək bir neçə hakim yüksəkliyin düşməndən azad edilməsində yaxından iştirak edib.

Əkrəm Şadmanov 2023-cü il sentyabrın 24-də Ağdamın Gülablı kəndi yaxınlığında döyüş mövqelərinə baş çəkməyə gedərkən “KamAZ” markalı avtomobillə düşmənin yol üzərində qurduğu minaya düşərək şəhid olub.

Polkovnik-leytenant İkinci Fəxri xiyabanda dəfn olunub.

Prezidentin Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli  “Vətənə xidmətə  görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Onun Solmaz adlı qızı və Araz adlı oğlu yadigar qalıb.