Hərbi məktəblərə sənəd qəbulu elan EDİLDİ

 14:11 05.03.2025     296

Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari ilin 30 may tarixinədək Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi Tibb Fakültəsinə, Bakı və Naxçıvan Hərbi kolleclərinə, Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına Hərbi liseylərinə elektron sənəd qəbulu elan edir.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilk dəfə olaraq Milli Müdafiə Universiteti tərəfindən qəbul prosesi elektron qaydada həyata keçirilir. Ölkə üzrə əhatəliliyi özündə əks etdirən bu yenilik əlçatanlığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılıb.

Azərbaycan Respublikasının vətəndaşları istənilən bölgədən mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindən müraciət etməklə seçdiyi təhsil müəssisəsinə aid sənəd qəbulu portalına keçid edərək, müvafiq portaldakı “Sənədlər” hissəsindən proseslə bağlı məlumatları əldə edə bilər.

"Tibbi müayinələrin keçirilməsi 01 aprel – 30 iyun, seçimlərin aparılması isə 01 iyul – 31 avqust tarixlərində nəzərdə tutulur.

Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin çağrı mərkəzi – *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) və [email protected] elektron poçt ünvanı fəaliyyət göstərir.

Fəxr edəcəyin gələcəyi seç!", - məlumatda qeyd edilib.