Polkovnik Ermənistandakı Rusiya qoşunlarının hara aparıldığını AÇIQLADI

Ermənistanda Rusiya ordusunun hərəkəti qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə Rusiya hərbi texnikasının ölkə daxilində irəlilədiyi görünür.
Ermənistan ərazisində Rusiya qoşunlarının hərəkəti nə ilə bağlıdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, qaydaya əsasən, hər hansısa bir ölkənin qoşun birləşməsi digər ölkənin ərazisindədirsə, onların birbaşa vəzifə borcudur ki, yerləşdiyi ölkənin rəhbərliyinə və müvafiq dövlət strukturlarına məlumat versinlər ki, onlar təlimə çıxacaqlar və ya harasa yerdəyişmə həyata keçirəcəklər:
"Ötən gündən bütün mətbuat "Bez Tormozov" internet kanalının görüntülərini yayır. Burada Ermənistanın çox sakit reaksiyası var. Nə Paşinyan, nə Müdafiə Nazirliyi və digərləri hər hansısa narahatçılıq dilə gətirmirlərsə, deməli, Rusiya hərbi texnikasının Ermənistan ərazisində yer dəyişməsi ilə bağlı Ermənistan məlumatlandırılıb. Rusiya elə bir dövlətdir ki, mətbuata məlumat vermir. Ermənistan da yəqin ki, Rusiya ilə razılaşıb ki, rəsmi açıqlama niyə verilmir. Amma Rusiya Silahlı Qüvvələrinin Gömrükdəki 102-ci bazasının özbaşına Ermənistan ərazisinə rahat şəkildə çıxıb fəaliyyət göstərməsi mümkünsüzdür".
Polkovnik qeyd etdi ki, əgər Ermənistan bu günə qədər hər hansısa məlumat açıqlamayıbsa, deməli, Rusiya tərəfi Ermənistanın razılığını alıb.
"Qoşunları hara aparırlar, bu haqda məndə olan son məlumata əsasən, qoşunun bir hissəsi təcili şəkildə Kurska göndərilir. Kurskda son günlər Rusiya ordusunun bəzi uğurları var. Həmin texnikanın müəyyən hissəsi böyük ehtimal keçirilən əməliyyatın başa çatdırılması üçün aparılacaq. Rusiya Müdafiə Nazirliyi çox impulsiv qərarlar qəbul edir. Bildiyim qədərilə, texnika Rusiya ordusunun Kursk ərazisindəki əməliyyatlarına dəstək üçün 102-ci bazadan çıxarılıb.
Rusiyanın Ukraynaya təcavüzü zamanı 102-ci bazadan xeyli sayda texnika və şəxsi heyət aparılmışdı. "Rusiya Ermənistanı cəzalandırır", "İrəvan Moskvanın əsəbləri ilə oynayır, regiondakı fəaliyyət narahatlıq doğurur" kimi fikirlər boşdur. Ermənistan tam şəkildə vəziyyətə nəzarət edir. Səsləndirdiyin fikirlər izlədiyim "Telegram", "YouTube" kanallarına əsaslanır. İzləmişəm ki, Kurskdakı uğurun davamını gətirmək üçün yeni istirahət etmiş qüvvə lazımdır. 102-ci bazadan qoşunlar çıxarılıb ora yönləndirilir. Sonuncu məlumat budur", - deyə hərbi ekspert bildirdi.
Aytəkin TOFİQQIZI