Vilayət Eyvazov Daxili Qoşunların hərbçilərini mükafatlandırdı - FOTO

 16:03 12.03.2025     75

Martın 12-də Daxili İşlər Nazirliyinin (DIN) Daxili Qoşunları yaranmasının növbəti ildönümünü qeyd edib. Bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Daxili Qoşunların rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.

Bu barədə Redaktor.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin gün Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib. Tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Əlamətdar gün münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini vurğulayıb.

Nazir V.Eyvazov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini, maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, hərbi hissələrin müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini bildirib. O, DİN-in Daxili Qoşunlarının ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi şücaəti, respublikamızın hər yerində, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarda hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini Prezidentin yüksək qiymətləndirdiyini məmnunluqla qeyd edib. Bildirilib ki, ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, ölkəmizdə keçirilən COP29 kimi mötəbər beynəlxalq tədbir zamanı qoşunların şəxsi heyəti üzərinə düşən xidməti vəzifələri layiqincə yerinə yetirib.

Nazir xidmətdə fərqlənən hərbi qulluqçuların peşə bayramı ərəfəsində də dövlət mükafatlarına layiq görülməsinin dövlət başçısının qoşunların şəxsi heyətinin əməyinə verdiyi ali dəyərin və yüksək etimadının əyani ifadəsi olduğunu diqqətə çatdırıb.

Tədbirə yekun vuran nazir V.Eyvazov Daxili Qoşunların qarşıda duran başlıca vəzifələrini qeyd edərək tapşırıq və tövsiyələrini verib.

Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə daxili işlər nazirinin və nazir müavini - daxili qoşunların komandanının imzaladıqları əmrlər elan olunaraq mükafatlar sahiblərinə təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.

22222222