Azərbaycan Ordusu bütün təxribatların qarşısını almağa qadirdir - MN-in idarə rəisi

Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi şəxsi heyətin öz xidməti döyüş fəaliyyətini daha yüksək səviyyədə icra etmək üçün zəmin yaradıb. Bildirməliyəm ki, Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndərin şah əsəridir. Ulu Öndər Konstitusiyanın hazırlanması prosesində dəfələrlə bildirib ki, konstitusiyamız Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə əsaslanmalıdır. Konstitusiyanın qəbul olunmasından sonra dövlət institutlarının vəzifə borcları da aydınlaşdı.
Redaktor.az xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən “Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusundakı konfransda Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov bildirib.
“Azərbaycanın öz suverenliyini, ərazi bütövlüyünü təmin etməsi Ordumuzun qarşısında duran əsas vəzifə idi. 2020-ci ilin sentyabrında başlayan II Qarabağ müharibəsi və 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan öz suverenliyini bərpa etdi. Son beş ildə baş verən hadisələr onu göstərdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü təmin etməsi onun beynəlxalq haqqı idi. Biz Azərbaycan Ordusu olaraq bunun öhdəsindən layiqincə gəldik", - deyə Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb.