"Bizi açıq şəkildə təxribata çəkib, öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər" - Polkovnik

 14:57 18.03.2025     212

Artıq 3 gündür ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərini tez-tez atəşə tutur.

Bu, Ermənistanın müharibəyə başlamaq niyyətindən xəbər verir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, son günlər Ermənistan silahlı qüvvələri və onların tərkibində olan özünümüdafiə dəstələri başıpozuqluğa yol verirlər, Azərbaycanın mövqelərini müxtəlif atıcı silahlarla atəşə tuturlar:

"Əlbəttə ki, bu, bəzi dövlətlərin marağına xidmət edir. Avropa İttifaqının orada olan missiyasını, Rusiyanın maraqlarını qismən əks etdirir. Çünki ATƏT-in Minsk qrupu ilə bağlı Azərbaycan şərt irəli sürmüşdü ki, artıq münaqişə öz həllini tapıb və ATƏT-in Minsk qrupu ləğv edilsin. Amma Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin isə ATƏT-in Minsk qrupu ilə bağlı erməni ictimaiyyətinə pozitiv fikir səsləndirib. Buna görə bəzi dövlətlər istəmirlər ki, Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalansın. Ermənistan yaxşı bilir ki, heç nəyə nail ola bilməyəcək. Bizim yaşayış məntəqələrimizə açılan atəşlər ordu ilə yanaşı, mülki insanlarımız üçün də müəyyən təhlükə yaradır".

Polkovnik qeyd etdi ki, Ermənistan Azərbaycan ordusunun cavab addımlarının çox amansız və sərt olacağını bilir.

"Bütün bunların fonunda son günlər yenə də, bu gün səhər saatlarında da müxtəlif istiqamətlərdən atəşkəs pozulur. Bunun məsuliyyəti əlbəttə ki, Ermənistanın üzərindədir. Eyni zamanda Azərbaycanı da bu təxribatlara cəlb etmək istəyirlər. Erməni əsgərləri səngər üzərinə çıxıb bizim əsgərləri təhqir edir, əlində olan yad cisimləri bizim mövqelərə tərəf tullayırlar. Azərbaycan ordusunun əsgərlərini təxribata çəkməyə çalışırlar. Son dərəcə diqqətli və ehtiyatlı olmalıyıq, təxribatlara uymamalıyıq. Bizi açıq şəkildə təxribata çəkib, sonra bəzi öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Həm burada məhkəməsi gedən separatçılarla bağlı, həm də sülh sazişinin pozulması və tərəflərin yaxınlaşmasına imkan verməmək üçün müəyyən məqsədlər güdürlər", - deyə Ü.Cəfərov bildirdi.

Aytəkin TOFİQQIZI