"Ermənistan bilməlidir ki, müharibənin nəticəsi son dərəcə ağır olacaq" - Polkovnik

"Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq. Biz özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə, onu dərhal cəzalandırmağa hər an hazır olmalıyıq". Bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.
Dövlət başçısının sözügedən çıxışını Redaktor.az-a şərh edən təhlükəsizlik orqanlarının veteranı, ehtiyatda olan polkovnik Elşad İsayev bildirdi ki, burada ünvanına çatan məqamlar var.
"Bugünkü beynəlxalq forumda cənab prezidentin çıxışını diqqətlə dinlədik. Ermənistan hakimiyyəti və onun revanşist qüvvələri dərk etməlidirlər ki, bu müharibə bitib. İstənilən bir addım, təxribatın Azərbaycan əsgəri tərəfindən qətiyyətlə qarşısı alınacaqdır".
Polkovnikin sözlərinə görə, bu gün Ermənistanı silahlandıran bəzi üzdəniraq Avropa dövlətləri öz maraqları uğruna çalışırlar.
"Ermənistan bilməlidir ki, müharibənin nəticəsi son dərəcə ağır olacaq. Bu münaqişə bitib. Bunu birdəfəlik dərk etməlidirlər. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini təmin edib. Bizim artıq sərhədlərimizdə Azərbaycan əsgəri keşik çəkir və diqqətlidir. Hər xırda bir hərəkətə nəzarət edilir. Ermənistan anlamalıdır ki, bu müharibə elə bir vəziyyətə gələ bilər ki, Ermənistan çox böyük təhlikələrə məruz qala bilər", - deyə E.İsayev bildirdi.
Aytəkin TOFİQQIZI