"İran-Ermənistan hərbi təlimləri Azərbaycana qarşıdır"

 17:20 10.04.2025     750

"İran-Ermənistanla Zəngəzurda hərbi təlimlər keçirir. Zəngəzura hücum edən "terrorçulara" qarşı şərti adla keçirilən təlimlər məhz Azərbaycana qarşı yönəlmiş addımdır. Tehran rejimi beş ildir ki, Zəngəzur dəhlizinin reallaşmasına qarşıdır və bu istiqamətdə addımlar atır".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, deyib ki, bu təlimlər Məsud Pezeşkianın Azərbaycana səfərinin sabotaj edilməsidir:

"İran rəsmilərinin Azərbaycana mütəmadi səfərləri və bu ölkənin prezidentinin gözlənilən səfəri fonunda Ermənistanla hərbi təlimlərin keçirilməsi indidən səfərin Tehranda mühafizəkarlar tərəfindən sabotaj edilməsidir. İranın mühafizəkar dairəsi prezident Məsud Pezeşkianın Azərbaycanla normal siyasət qurulmasına qarşıdır.

Bir tərəfdən İranın mötədil prezidentin administrasiyasının rəsmiləri İran ərazisindən keçəcək yolun inşası ilə bağlı Azərbaycan rəsmiləri ilə Zəngəzurun cənub hissəsində birgə baxış keçirir. Bir tərəfdən də mühafizəkar kəsimə tabe SEPAH Ermənistanla təlim keçirir. Bu, onu göstərir ki, İranda Azərbaycana qarşı ikitirəlik siyasət var. Belə olan təqdirdə prezident Məsud Pezeşkianın Azərbaycan səfəri ikitərəfli münasibətlərin inkişafına gətirib çıxarmayacaq. Buna baxmayaraq iki ölkə arasında ortaq layihələrin həyata keçirilməsi istiqamətində mühüm irəliləyişlər əldə ediləcək. Çünki, İrana qarşı artan sanksiyalar fonunda Azərbaycanla ortaq layihələrin inkişafına ehtiyac duyur".

Vasif ƏLİHÜSEYN