"Azərbaycanın düşmənə qarşı ən dəhşətli silahı Xüsusi Təyinatlı Qüvvələrimizin şəxsi heyətidir"

“Bu gün Xüsusi Təyinatlı Qüvvələrimizin yaranmasının 26-cı ildönümü qeyd edilir. Azərbaycanın hərb tarixində, xüsusilə də 2012-ci ildən başlayaraq həm xüsusi əməliyyatlarda, həm aprel döyüşlərində, həm Vətən müharibəsində və ondan sonrakı dövrdə Xüsusi Təyinatlı Qüvvələrimizin keçirdiyi bütün döyüş əməliyyatları uğurla nəticələnib”.
Bunu Redaktor.az-a hərbi ekspert Ədalət Verdiyev deyib. O, bildirib ki, ilk dəfə öz potensialını 2016-cı ilin aprel döyüşlərində düşmənə göstərən Xüsusi Təyinatlılarımızın Vətən müharibəsində müstəsna xidmətləri olub:
“Hazırda Quru Qoşunlarının tərkibinə daxil olan Xüsusi Təyinatlı Qüvvələrimiz Azərbaycan xalqının ən böyük arzularının gerçəkliyə çevirib. Əldə etdiyi böyük qələbələr sayəsində Xüsusi Təyinatlılarımız xalqın döyünən ürəyi, vuran qolu və görən gözüdür. Xüsusi Təyinatlıların adı gələndə bu gün də Ermənistanın fərari ordusu qorxulu röyalar görür. Qəhrəman Xüsusi Təyinatlılarımız tərəfindən həyata keçirilən döyüş əməliyyatları xüsusilə də Şuşa şəhərinin, Hadrut rayonunun, Cəbrayılın azad olunması bir çox Qərb ölkələrində dərindən araşdırılır. Xüsusi Təyinatlılarımızın hərb tarixində ilk dəfə ağır artilleriya silahları, zirehli vasitələrlə və səkkiz dəfə üstün qüvvəylə qorunan Şuşa şəhərini yalnız yüngül atıcı silahlarla azad etməsi bu günə qədər də bir çox Qərb ölkələrində öyrənilir. Bir çox ölkələr, bir çox müasir silahlar, texnikalar ala bilərlər, amma Azərbaycanın bu gün düşmənə qarşı ən dəhşətli silahı Xüsusi Təyinatlı Qüvvələrimizin şəxsi heyətidir. Fərqli döyüş və mənəviyyat fəlsəfəsinə malik olan Xüsusi Təyinatlı Qüvvələrimiz xalqımızın və müttəfiqlərimizin qəlbində özünə əbədi və möhtəşəm bir abidə qurub.
Məhz Xüsusi Təyinatlı Qüvvələrimizin sayəsində bu gün Ermənistan dizi üstə çökdürülüb, onun hərbi potensialının böyük hissəsi sıradan çıxarılıb. Digər tərəfdən isə bu gün Azərbaycan məhz Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən mərd oğullarımızın, digər bölmələrimizin sayəsində artıq qalib bir ölkəyə çevbrilmişik.
Mən də Xüsusi Təyinatlı Qüvvələrimizin yaranmasının ildönümü münasibətilə onları təbrik edirəm, onlara xidmətlərində müvəffəqiyyətlər arzulayıram. Allah bütün şəhidlərimizə də rəhmət eləsin!”.
Vasif ƏLİHÜSEYN