"Xüsusi təyinatlılarımız bizim qürur yerimizdir" - Polkovnik

"Bildiyimiz kimi, Xüsusi Təyinatlı Qüvvələr silahlı qüvvələrin tərkibində fəaliyyət göstərən xüsusi bir qurumdur. Bu qurumda xüsusi hazırlıq keçmiş, gənc və cəsur əsgərlər xidmət edirlər".
Bunu Redaktor.az-a açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, ehtiyatda olan polkovnik Elşad İsayev Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasının 26-cı ildönümü münasibətilə danışarkən dedi.
"2016-cı ildə Azərbaycan Xüsusi Təyinatlıları böyük şücaət göstərərək düşmənə layiqli cavab verdilər. Həmin döyüşlərdə erməni silahlı qüvvələri bizim Xüsusi Təyinatlıların gücünü və peşəkarlığını açıq şəkildə gördülər. Ali Baş Komandanımızın dediyi kimi, onlar az qala bütün dünyaya yalvararaq müharibənin dərhal dayandırılmasını istədilər. Çünki əsas qüvvə məhz Xüsusi Təyinatlılar idi.
İkinci Qarabağ müharibəsində isə onların rolu daha da böyük oldu. Bu barədə hər yerdə geniş məlumatlar mövcuddur. Bu gün xüsusi təyinatlılarımız bizim qürur yerimizdir. Biz onlarla fəxr edirik və onlar daim qəlbimizdədirlər. Təəssüf ki, onların bir qismi İkinci Qarabağ müharibəsində şəhid oldular. Vətən uğrunda canlarını fəda edən bu igidlər Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqlar.
Bütün bunlara baxmayaraq, Xüsusi Təyinatlılar digər silahlı qüvvə əsgərləri kimi daim yüksək hazırlıq vəziyyətindədirlər. Onlar hər an Vətəni qorumağa hazırdırlar. Bu gün təhlükəsizlik orqanlarının veteranı kimi onları bayram münasibətilə təbrik edir, hər birinə can sağlığı və uğurlar arzu edirəm", - deyə polkovnik bildirdi.
Xədicə BAXIŞLI