"Ermənistanın bu addımı Azərbaycanın səbr kasasını daşıra bilər"

Xəbər verdiyimiz kimi, Hindistan Ermənistana “Akash” zenit raket komplekslərinin ikinci partiyasını göndərməyə hazırlaşır.
Mövzuyla bağlı Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Vətən müharibəsi və ondan sonrakı dövrdə baş verən əməliyyatlar zamanı qəhrəman Azərbaycan Ordusu tərəfindən düşmənin hava hücumundan müdafiə sistemi tamamilə darmadağın edildi:
“Bunu sözlə desək, Ermənistanın hazırda hava məkanı açıq vəziyyətdədir. İtirilən döyüş potensialını bərpa etməyə can atan Ermənistan müharibədən sonrakı dövrdə bir çox ölkələrlə, xüsusilə də Fransa və Hindistandan müxtəlif təyinatlı silahlar əldə etməkdə davam edir”.
Ə.Verdiyev deyib ki, bu silahlar Ermənistanın hava məkanındakı boşluğu bərpa etməyəcək:
“Əldə edilən silahların assortimentində hava hücumundan müdafiə, həm reaktiv artilleriya, həm də uzaqmənzilli qaubitsalar yer almaqdadır. Adı çəkilən raket sistemlərinin birinci hissəsi Ermənistana daha əvvəl çatdırılmışdı və bu ikinci partiyadır. Bu sistemlər Ermənistanın hava məkanındakı boşluğu qapatmağa imkan verməyəcək, çünki Hindistanın “Akaş” sistemlərini indiyə qədər heç bir ölkə əldə etməyib. Yəni bu silahlardan ötrü kimsə vəsait xərcləmək istəməyib”.
O, bildirib ki, Ermənistanın bütün hərəkətlərini Azərbaycan müşahidə edir:
“Hər birimizə yaxşı məlumdur ki, Ermənistan nə qədər sülhdən danışırsa, o qədər də faktiki olaraq silahlanmaya üstünlük verir və bu silahların bir hissəsinin manevrlərini Azərbaycan tərəfi müşahidə edir”.
Ekspert deyib ki, Ermənistanın intensiv silahlanması Azərbaycanın səbr kasasını daşıra bilər:
“Ermənistanın əldə etdiyi bu silahlar birmənalı şəkildə Azərbaycana istifadə üçün nəzərdə tutulub. Ermənistan tərəfi bu silahları almaqla müharibə hazırlıqlarını davam etdirdiyini nümayiş etdirir və bu Ermənistanın intensiv silahlanması Azərbaycanın səbr kasasını da daşıra bilər. Bunun isə nəticəsi hamımıza indidən çox yaxşı məlumdur”.
Vasif ƏLİHÜSEYN