"Hərbi prokurora təklif edərdim ki, ilk addımlarından biri..."

 13:49 15.05.2025     182

Xəbər verildiyi kimi, Bəhruz Əhmədov Azərbaycanın yeni hərbi prokuroru təyin edilib. 

Yeni hərbi prokurordan gözləntilər nələrdir?

Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, onun heç bir gözləntisi yoxdur.

"Çünki bu adam hələ işləməlidir və özünü göstərməlidir. Bundan sonra onun fəaliyyətinə qiymət vermək olar. Amma bir məsələyə təəssüflənirəm və təəccüblənirəm ki, nədənsə yüksək vəzifələrə təyin olunan şəxslərlə bağlı sosial şəbəkələrdə elə faktlara, məsələlərə rast gəlinir ki, adam sadəcə dərin təəssüf hissi keçirir.

Təyin olunan şəxs dünən baş prokuror tərəfindən kollektivə təqdim olunub. Amma mən hesab edirəm ki, sırf hərbi hüququ bitirən, elə o zalda oturan xeyli sayda peşəkarlar var idi ki, Bəhruz Əhmədovdan da savadlı, bacarıqlı, azərbaycanlı hüquqşünaslardır. Onlar Azərbaycan dövləti yaranandan bu günə qədər prokurorluq sistemində müxtəlif vəzifələrdə çalışıblar.

Gözləyək, görək cənab özünü necə göstərəcək, fəaliyyəti necə olacaq. Amma qarnizonda xidmət edən şəxslər mənə o qədər də xoş olmayan məlumatlar səsləndiriblər".

Polkovnik qeyd etdi ki, qurumun başında duran adam varsa, o qurum üçün nümunə olmalıdır.

"Öz bilik və bacarığı ilə bütün kollektiv üçün nümunəvi şəxs olmalı idi. Bu gün də deyirəm ki, indi Konstitusiya Məhkəməsinin hakimi olan Xanlar Vəliyev o vəzifənin öhdəsindən gəlmədi və Xanlar Vəliyevlə bağlı yüzlərlə sual açıq qalır. Arzu edirəm ki, Bəhruz Əhmədovla bağlı suallar açıq qalmasın. Çünki Azərbaycan tarixi çox amansızdır. Hər bir şəxsə layiq olduğu qiyməti verir. Bir müddətdən sonra cənab özünü necə göstərəcək bunu zaman göstərəcək.

Arzu edirəm ki, Hərbi Prokurorluğun fəaliyyətində olan neqativ hallar aradan qaldırılsın. Hərbi prokurora təklif edərdim ki, ilk addımlarından biri yeni komanda ilə, gənc və bacarıqlı kadrlarla yoluna davam etmək olsun. O vaxt ictimaiyyət nümayəndələri olaraq onun fəaliyyətinə qiymət verə bilərik" , - deyə Üzeyir Cəfərov bildirdi.

Qeyd edək ki, Hərbi Prokurorluğun əvvəlki rəhbəri Xanlar Vəliyev idi.

Aytəkin TOFİQQIZI