"Rəşad Atakişiyevin MiQ-29 təyyarəsi ruslar tərəfindən vurulub"

 13:07 22.05.2025     201

Xəbər verdiyimiz kimi, keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, şəhid pilotumuz Rəşad Atakişiyev 2019-cu il iyulun 24-də MiQ-29 təyyarəsini idarə edərkən ruslar tərəfindən vurulub. Onun sözlərinə görə, ruslar o zaman təlim keçiriblər. "Rəşad Bakıya hücum edən təyyarəni vurub, ona görə də Rəşada atəş açıblar və onu ürəyindən vurublar. "Qara qutu"nu  oxuyanlardan biri deyib ki, Rəşadın zarıması səsləri eşidilib",- deyə Qabil Hüseynli bildirib.

Qeyd edək ki, Qabil Hüseynli Rəşad Atakişiyevin qayınatasıdır.

Məlum açıqlama ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, o, bunu 6 il öncə qeyd edib.

"İndidə deyirəm ki, o təyyarəni ruslar vurub. Ona görə ki, ruslar Xəzər dənizidə hava hücumundan müdafiə sistemi üzrə təlim keçirdi. Bizim təyyarəmiz də həmin zaman düşmüşdü. Düzdür, onu sonradan təyyarənin quşlarla toqquşması kimi qələmə verdilər. Mən o vaxt da demişdim, indi də deyirəm ki, təyyarəmiz ruslar tərəfindən vurulub.

Onlar düşünüb ki, təyyarə Hacı Zeynalabidin qəsəbəsindən havaya qalxarkən, növbədə olan rus zabitləri hədəfin onlara tərəf gəldiyini düşünüblər. Təyyarənin uçuş trayektoriyası elə idi ki, o havaya qalxır, sonra isə lazım olan tapşırığı yerinə yetirmək üçün gedir. Onlar səhvən bizim təyyarəni vurdular, adını qoydular ki, quşla toqquşub.

Uzun müddət də təyyarənin qalıqlarının tapılmasına maneə oldular. Bilirsiniz ki, Rəşad Atakişiyevin bədəni qalıqlara bölünmüşdü və hissə-hissə tapılırdı. Yəni o fikirimdə hələ də qalıram, amma o məsələ araşdırılmadı. Çünki təyyarənin "qara qutu"su Rusiyaya göndərildi".

Polkovnik qeyd etdi ki, təyyarəni vuran tərəf heç vaxt həqiqəti deməzdi və demədi də.

"Bu günə qədər məsələ açıq qalıb, amma mənim yanaşmam onda necə idisə, indi də elədir. Ruslar birinci, nə də sonuncu deyil ki, o hərəkəti edirlər. Bu gün də deyirəm, Polşa prezidentinin təyyarəsinin vurmasına görə də məsuliyyət daşıyırlar, ruslar Malaziyanın MH-17 təyyarəsinin vurulmasına görə məsuliyyət daşıyırlar. Ruslar çox şeyə görə məsuliyyət daşıyırlar.

Rəşad Atakişiyevin də MiQ-29 təyyarəsi məhz ruslar tərəfindən vurulub, yerə salındı. O məsələnin üstünə bizimkilər çox getmədilər. Mənim üçün şəxsən iki vuraq iki idi bu məsələ. Ruslar onu bu gün də etiraf etmirlər. Ya səhvən, ya da bilərəkdən, amma Rusiya tərəfindən vurulan təyyarə idi" , - deyə Üzeyir Cəfərov bildirdi.

Xədicə BAXIŞLI