Azərbaycan-İran təlimləri bu məqsədi daşıyır - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlılarının iştirakı ilə Qarabağ bölgəsində keçirilən dörd günlük "Araz 2025" təlimi yekunlaşıb.
Keçirilən təlimlə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirdi ki, son illər Azərbaycan ilə İran arasında yaranan siyasi gərginlik düşmənlərimiz, xüsusən də Ermənistan üçün olduqca əlverişli bir vəziyyət idi:
"Təbii ki, Ermənistan Azərbaycan-İran münasibətlərinin kəskinləşməsini, bu münasibətlərin düşmənçiliyə çevrilməsini istəyən ölkələrdən biridir.
Hesab edirəm ki, bu iki dövlətin rəhbərlərinin həyata keçirdikləri siyasət problemin fundamental həllinə, məsələnin kökündən aradan qaldırılmasına xidmət edə bildi. Təbii ki, İran ilə Azərbaycanın hərbi müstəvidə münasibətlərinin yaxşılaşması regional təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətlidir.
Keçirilən təlimlərin mahiyyəti bölgədə baş verə biləcək kənar qüvvələrin müdaxiləsi nəticəsində yarana biləcək qarşıdurmaların və təxribatların qarşısını almaq, eyni zamanda birgə fəaliyyət göstərmək məqsədi daşıyır".
Ekspert vurğuladı ki, keçirilən təlimlər vacib hesab olunmalıdır.
"Digər tərəfdən, İran və Azərbaycan arasında münasibətlərin nəinki siyasi və iqtisadi, həm də hərbi formatda inkişaf etməsi, hərbi-texniki əməkdaşlığın formalaşmasına gətirib çıxara bilər. Bu da müdafiə sənayesi sektorunda birgə layihələrin həyata keçirilməsi üçün əhəmiyyətli ola bilər.
Bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, İran xammal ölkəsidir. Müəyyən məhsulların xammalı bu ölkədə mövcuddur. Bu baxımdan strateji məhsulların istehsalı üçün Azərbaycan İrandan həmin xammalların satınalınmasını təmin edə bilər.
Bir sözlə, hərbi müstəvidə münasibətlərin normallaşması bütün sahələrə müsbət təsir edə və əlaqələrin daha da genişlənməsinə səbəb ola bilər",- deyə Ramil Məmmədli qeyd etdi.
Xədicə BAXIŞLI