“Zakir Həsənova dedim ki, bura sənin yerin deyil” – General

“Mən Sərhəd Qoşunlarına komandan təyin olunanda Zakir Həsənov orada sadəcə çağırış məsələləri ilə məşğul idi. O çağırışla bağlı sənədləri tez-tez mənə təqdim edirdi. Biz onda hərbçi duruşu, nizam-intizam və məsuliyyət gördük”.
Redaktor.az xəbər verir ki, bunu veteran sərhədçi, general-mayor Abbasəli Novruzov HafizTimes.com-a müsahibəsində deyib.
O, Zakir Həsənovun həyatında necə rol oynamasından danışıb:
“Tez onun şəxsi işinə baxdım. Gördüm ki, Cəmşid Naxçıvanski adına hərbi liseyi və Bakı Ali Hərbi Məktəbini bitirib, Almaniyada Sovet qoşunlarında xidmət edib, qısa zamanda yüksək vəzifə tutub. Sonra isə birdən Rusiyanın Altay diyarına hərbi komissar vəzifəsinə göndərilib və orada da uğurlu xidmət göstərib. Ruslar yaxşı bilirdilər ki, kimi hara göndərmək lazımdır. Fikirləşdim ki, əgər bu adamı belə bir yerə göndəriblərsə, deməli, onun ciddi potensialı var. Şəxsi işinə baxanda da uğurlu xidmətlərinin olduğunu gördüm.
Ona dedim: “Zakir, bura sənin yerin deyil. Sən Sərhəd Qoşunlarının Qərargah rəisinin müavini vəzifəsinə gedirsən. Bir şərtlə ki, əvvəlcə Azərbaycan dilində yazı qaydalarını yüksək səviyyədə öyrənməlisən”. Sonradan isə bildim ki, Zakirin atası da hərbçi olub, sovet dövründə hərbi komissar işləyib. Uşaqlarına da rus dilində təhsil verib. O vaxt vəziyyət belə idi. Bu səbəbdən də Zakir Azərbaycan dilində yazmaq qaydalarını yüksək səviyyədə bilmirdi. Lakin o, gedib dili yaxşı mənimsədi və özünü inkişaf etdirdi. Qərargah rəisinin müavini kimi də çox uğurla çalışdı.
Bundan sonra biz Zakir Həsənovu Göytəpə Sərhəd Dəstəsinə komandir vəzifəsinə təyin etdik. Ona dedim ki, amma bir şərtimiz var:
“Ora Sərhəd Qoşunlarının ən ağır dəstəsidir. Dağlıq-dərəlik ərazidir, biri atla, biri də eşşəklə sərhədi pozmağa çalışacaqlar, qaçaqmalçılıq da etməyə cəhd edəcəklər. Əgər belə hallar baş versə, səni dərhal işdən çıxarmayacağam. Amma eşitsəm ki, bu qanunsuz işləri sən özün təşkil etmisən, onda həmin vəzifədə qala bilməyəcəksən. Bizim aramızda heç bir stəkan çayın söhbəti belə olmayacaq. Səni birdəfəlik işdən uzaqlaşdıracağıq.” Amma Zakir Həsənov bütün bu çətinliklərə baxmayaraq, orada da yaxşı fəaliyyət göstərdi. Gedib kişi kimi də işlədi!”