“Azərbaycan 8 Noyabr Zəfəri ilə regionda sabitlik və tərəqqini təmin edib” - Cəlil Xəlilov

44 günlük Vətən müharibəsindəki Qələbə Azərbaycan xalqının və dövlətinin tarixində, onun gələcək taleyinin müəyyən edilməsində həlledici rol oynadı. Bu Qələbə sayəsində Azərbaycan sadəcə işğaldakı torpaqlarını azad etmədi, eyni zamanda, özünü bir dövlət olaraq növbəti dəfə tarix qarşısında təsdiq etdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi bu böyük Qələbə ilə sübut etdi ki, ordumuz öz xalqını, dövlətinin ərazi bütövlüyünü qorumağa qadirdir. 44 günlük Vətən müharibəsindəki Qələbə ilə Azərbaycan dövləti öz suverenliyini də bərpa etmiş oldu. 30 ilə yaxın müddətdə erməni işğalı altında qalan ərazilərimiz üzərində dövlətimizin faktiki nəzarəti bərpa edildi.
Bu fikirləri Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov səsləndirib.
Onun sözlərinə görə, Qələbə Azərbaycana siyasi baxımdan da böyük dividentlər qazandırdı: “Hərb meydanında əldə edilən Qələbə Azərbaycanın diplomatik sferadakı mövqeyini möhkəmləndirdi. Azərbaycan danışıqlar masasına qalib tərəf kimi əyləşdi. 2020-ci ilin 10 Noyabr üçtərəfli Bəyanatının timsalında Ermənistan kapitulyasiyaya bərabər sənəd imzaladı ki, bu da diplomatiyamız adına tarixi uğurdur. Qələbə Azərbaycanın nüfuzunun beynəlxalq müstəvidə ciddi şəkildə artmasına, qlobal güclərin ona olan münasibətinin əhəmiyyətli dərəcədə dəyişilməsinə səbəb oldu”.
Cəlil Xəlilov, həmçinin bildirib ki, Vətən müharibəsindəki Qələbə mənəvi baxımdan da Azərbaycana böyük üstünlüklər qazandırdı: “Bu Qələbə milli qürurun, xalqımızın özünə olan inamının güclənməsinə səbəb oldu. Qalib xalq, qalib dövlət imici post-müharibə dönəmindəki proseslərə daha qətiyyətlə yanaşmağımızı təmin etdi. Bir sözlə, bu Qələbə xalqımızın və dövlətimizin həyatında müsbət mənada yeni bir dönəmin başlanğıcı oldu”.
O vurğulayıb ki, 44 günlük Vətən müharibəsindəki Qələbə Cənubi Qafqazda yeni reallıqlar yaratmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində də ölkəmizlə bağlı ciddi yeniliklərə yol açdı. “8 Noyabr Zəfəri göstərdi ki, Azərbaycan sadəcə iqtisadi deyil, həm də hərbi gücünə görə regionun lider dövlətidir. Cənubi Qafqazın gələcək taleyi əsaslı dərəcədə Azərbaycandan, onun mövqeyindən və yürütdüyü siyasətdən asılıdır. Bu Qələbə dünyanın Azərbaycana olan baxışını da ciddi şəkildə dəyişdirdi. Azərbaycan torpaqlarının işğal altında qalmasından istifadə edərək dövlətimizə siyasi, iqtisadi və digər müstəvilərdə təzyiq göstərməyə çalışan qlobal güclər 8 Noyabr Zəfərindən sonra bu imkandan məhrum oldular. Onlar Azərbaycana təzyiq göstərmək üçün istifadə etdikləri imkan və vasitələri birdəfəlik itirdilər. 8 Noyabr Zəfəri Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu da artırdı. Vaxtı ilə Azərbaycanın gücünə şübhə edən, onun daha bir neçə il məğlub statusunda qalacağını güman edən güclər 8 Noyabr Zəfəri ilə məyus oldular. Onların Azərbaycanı siyasi-psixoloji təzyiq içində saxlamaq siyasəti ortadan qalxdı. Dünya qalib Azərbaycan gerçəyi ilə barışmaq məcburiyyəti qarşısında qaldı”, - deyə o diqqətə çatdırıb.
Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hər zaman dünya veteran təşkilatları ilə sıx əlaqələr qurmağa çalışdığını da qeyd edib: “Bu əlaqələr bizə veteranlarla bağlı məsələlər ətrafında geniş fikir və təcrübə mübadiləsi aparmaqla yanaşı, Azərbaycan həqiqətlərini daha geniş miqyasda təbliğ etmək imkanı qazandırır. Bu gün biz qalib xalq və dövlət olaraq günümüzün həqiqətlərini qürur hissi ilə, Qələbə sevinci ilə təbliğ edirik”.
Sədr təşkilatın sıralarının genişlənməsindən də danışıb. O vurğulayıb ki, son bir ildə üç mindən çox Vətən müharibəsi iştirakçısı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına üzv olub. “Veteranlıq xüsusi və şərəfli status olmaqla yanaşı, həm də məsuliyyətdir. Odur ki, bu məsuliyyəti hər kəsin, hər bir veteranın dərk etməsi, bu məsuliyyətdən irəli gələn məsələlərə xüsusi həssaslıqla yanaşması vacibdir”, - deyə Cəlil Xəlilov diqqətə çatdırıb.