Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü - YENİLƏNİB

Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb.
Redaktor.az “Unikal”a istinadla xəbər verir ki, rayonun Vəng kəndi ərazisində “Ural” markalı avtomobil tank əleyhinə minaya düşüb.
Bu zaman avtomobildə olanlar - 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım göstərilib. Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.
Qeyd edək ki, minaya düşən “Ural” markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçilərdir. Faktla bağlı araşdırma aparılır.
***
23:05
Kəlbəcər rayonunda müddətdən artıq xidmət edən hərbçimiz (MAXE) minaya düşüb.
Redaktor.az "Teleqraf"a istinadən xəbər verir ki, minaya düşən 1986-cı il təvəllüdlü Emin Tanrıverdiyev xəstəxanaya çatdırılıb.
Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, Goranboy rayon sakini olan E.Tanrıverdiyev üç ildən artıqdır MAXE kimi xidmət edir.
