“Təmizlənmiş ərazilərdə belə mina aşkarlanır” - Polkovnik

 12:30 06.08.2025     166

Son günlər Qarabağ və ətraf ərazilərdə mina təhlükəsi yenidən aktuallaşıb. İşğaldan azad edilmiş torpaqlarda yerləşdirilmiş minalar həm hərbçilər, həm də mülki şəxslər üçün ciddi təhlükə yaratmağa davam edir. Təkcə bu həftə baş verən hadisələr göstərir ki, minatəmizləmə prosesi hələ uzun müddət davam etməli, bu sahəyə daha ciddi diqqət ayrılmalıdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, minaya düşmə halları davam edir və görünür ki, davam edəcək:

"Çünki Qarabağda və bir zamanlar işğal altında olan ətraf ərazilərdə hələ də çoxlu mina var. Həm piyadalar, həm də tank əleyhinə minalar mövcuddur. Bu minalar vaxtilə rus-erməni iş birliyi ilə yerləşdirilib və bu gün də həm mülki şəxslərin, həm də hərbi qulluqçuların həyatına təhlükə yaradır.

Elə dünən bir hərbi qulluqçumuzun minaya düşməsi xəbərini oxuyanda çox pis oldum. Bu, nə birinci, nə də sonuncu hadisədir. Məhz bu gün Müdafiə Nazirliyi məlumat yaydı ki, dünən axşam saatlarında Kəlbəcərdə hərbi avtomobil düşmən tərəfindən basdırılmış minaya düşüb və nəticədə dörd hərbi qulluqçumuz xəsarət alıb. Onlar tibb müəssisəsinə təxliyə olunublar. Həyatları təhlükədə olmasa da, bu, hərbi qulluqçunun sıradan çıxması deməkdir. Allah daha ağır faciələrin qarşısını alsın".

Polkovnik vurğuladı ki, mina qurbanlarının sayı artıq 400-ü keçib.

"İndiyə qədər çoxlu sayda hərbi qulluqçumuz və mülki vətəndaşlarımız minadan zərər çəkib. Təəssüf ki, bu təhlükə hələ uzun illər bizim baş ağrımız olacaq. Komandirlər və bütün aidiyyəti şəxslər bu məsələdə son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar. Hazırda minatəmizləmə prosesi aparılır, amma məsələ ondadır ki, bəzi ərazilər uzun müddət istifadə olunub və bu torpaqlarda dərinliklərdə gizlənmiş minalar var. Torpaq oturduqca həmin minalar aktiv hala gəlir. Mən ötən aylarda belə bir faktı ictimailəşdirmişdim: Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti əvvəlcədən təmizlənmiş və istifadə olunan ərazidə aparılan əlavə yoxlama zamanı yenidən mina aşkarlamışdı.

Ona görə də minaya düşmə halları hələ bitməyib və yaxın gələcəkdə də baş verə bilər. Bu vəziyyətdən çıxış yolu kimi minatəmizləmə prosesi həm sürətləndirilməli, həm də daha dərindən və sistemli şəkildə həyata keçirilməlidir. Ən müasir avadanlıqlar alınmalı, qabaqcıl metodlardan istifadə olunmalıdır. Hesab edirəm ki, bu məsələyə xüsusi diqqət yetirilməlidir. Çünki artıq insanlar həmin ərazilərə köçür və onların təhlükəli sahələr barədə məlumatlı olması vacibdir. Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, polis əməkdaşları və digər aidiyyəti qurumlar bu sahədə xüsusi qayğı və məsuliyyətlə çalışmalıdırlar ki, insanlar minalardan əziyyət çəkməsinlər", - deyə Üzeyir Cəfərov əlavə etdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən