"Misir Türkiyənin Yaxın Şərqdəki mövqeyini gücləndirəcək" - AÇIQLAMA 

 18:10 20.08.2025     46

Misir Türkiyənin yerli istehsal etdiyi beşinci nəsil “KAAN” döyüş təyyarəsi layihəsində iştirak etməyə hazırlaşır.

Türkiyə ilə Misir arasındakı əməkdaşlıq İsrail, Yunanıstan və BƏƏ kimi ölkələrin hərbi-siyasi strategiyalarına hansı təsiri göstərə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə bildirdi ki, konkret hansı silahdan söhbət getməsə də, bu addım Türkiyənin hərbi sənaye kompleksinə böyük müsbət təsir göstərəcək.

"Türkiyə silah bazarına aktiv şəkildə daxil olur və keyfiyyətli təklifləri ilə bazarda öz yerini möhkəmləndirməyə çalışır. Bu, Türkiyənin hərbi sənaye kompleksinin inkişafına töhfə verəcək. Söhbət maliyyədən, silahın yoxlanılmasından və istifadəsindən gedir. Paralel olaraq, siyasi amillər də önəmlidir. Uzun illər ərzində Türkiyə-Misir münasibətləri gərgin olub, son illərdə isə münasibətlər yavaş-yavaş istilənməyə və yaxşılaşmağa başlayıb".

Azad İsazadə: “Susuruq, çünki bizi eşidən, anlayan olmayacaq”

Ekspert qeyd etdi ki, hərbi əməkdaşlıq Misir və Türkiyə arasında münasibətlərin daha da yaxşılaşmasına xidmət edəcək.

"Türkiyə Yaxın Şərqdə mühüm rolunu nümayiş etdirir və Türkiyə-İsrail münasibətləri isə gərgindir. Misir  Türkiyənin yeni müttəfiqi olaraq, Suriyadan sonra bu rolu öz üzərinə götürməklə Türkiyənin Yaxın Şərqdəki mövqeyini gücləndirəcək. Bu addım Yunanıstanla Türkiyə arasındakı uzun illərdir davam edən qarşıdurmaya birbaşa təsir etməyəcək. Lakin əvvəllər Türkiyə-Misir münasibətləri gərgin olanda, Misir Yunanıstanla yaxınlaşa bilərdi. Bu təhlükə isə faktiki olaraq Türkiyə tərəfindən aradan qaldırılmış oldu", - deyə Azad İsazadə bildirdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən