Rusiyanın 102-ci hərbi bazası tamamilə Ermənistandan çıxarıla bilər? - Polkovnik AÇIQLADI

 14:50 27.08.2025     131

Ötən günlərdə Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının tamamilə çıxarılması tələbi ilə etiraz aksiyası keçirilib.

Bəs 102-ci hərbi baza tamamilə Ermənistandan çıxarıla bilərmi? Belə olarsa, bu, təhlükəsizlik balasına necə təsir edər?

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, Rusiyanın Ermənistandakı 102-ci bazası ilə əlaqədar aksiyalar keçirilir.

"Bu, gözlənilən idi. İllər öncə deyirdik ki, gün gələcək Ermənistan daxilində də 102-ci bazanın çıxarılması ilə bağlı çağırışlar səslənəcək. Gümrüdəki 102-ci hərbi bazanın Ermənistan ərazisindən çıxarılması ilə bağlı keçirdikləri aksiya təsadüfi deyil. Bu, etiraz aksiyaları bir müddət sonra daha da genişlənəcək. İndi müxtəlif fikirlər səsləndirilir ki, Rusiya Cənubi Qafqazdan çıxmayacaq, Rusiya Ermənistanda hələ 2044-cü ilə qədər həmin o bazanı saxlayacaq. Hesab edirəm ki, 102-ci baza 2044-cü ilə qədər Ermənistan ərazisində qalmayacaq. Dünyada və regionda gedən proseslər onu deməyə əsas verir ki, həmin hərbi baza artıq öz əhəmiyyətini itirib. Guya Türkiyədən ola biləcək təhlükələri qarşılamaq, önləmək üçün bu baza yaradılmışdı. Bazanın yaradılması Cənubi Qafqazda Rusiyanın uzun illər varlığını və maraqlarını təmin etmək üçün idi. Ermənistan da öz ordusunu yeni metodlarla, yeni üsullarla hazırlayır, NATO ilə münasibətlər qurur, qərb dövlətləri ilə əlaqələr yaradır. Azərbaycan və Türkiyə ilə normallaşma baş verəndən sonra Ermənistan üçün hər hansı bir təhlükənin olacağını düşünmürəm".

Onun fikrincə, hər şey Ermənistanın özündən asılı olacaq.

"İndi rus təbliğatçıları deyirlər ki, guya Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxsa, onun üçün çətin olacaq. Bunların hamısı boş sözlərdir, sadəcə olaraq rus təbliğatına hesablanmış fikirlərdir. 102-ci baza mütləq çıxmalıdır və çıxacaq. Hər şey də ona doğru gedir. Regiona gələn qərb dövlətləri artıq Ermənistanı öz çətiri altına almağa başlayıb. Ona görə də 102-ci hərbi baza tamamilə Ermənistan ərazisindən çıxarılacaq. Onun dəqiq ayını, ilini deyə bilməsəm də, 2044-cü ilə qədər orada qalması qeyri-mümkündür. Regionda yeni bir səhnə gözümüzün qabağında canlanır. O səhnədə də Ermənistanın həmin hərbi bazanın varlığını mən görmürəm. Ümid edirəm ki, Ermənistan da elə o minvalla 102-ci hərbi bazanı öz ərazisindən tamamilə çıxaracaq. İndiki etiraz aksiyaları da haqlıdır. Ermənilər də artıq başa düşüblər ki, ruslar hansı oyunu oynayırlar. Rusların Suriyadakı fiaskosu, İrandakı fiaskosu, o cümlədən Cənubi Qafqazdakı fiaskosu onu deməyə əsas verir ki, 102-ci baza da çox tezliklə Ermənistan ərazisini tərk etməli olacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən