"Türk Dövlətləri Təşkilatı ölkələri vahid güc mərkəzi kimi çıxış edəcək" - Polkovnik
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib.
Redaktor.az-a açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, ehtiyatda olan polkovnik Elşad İsayev bildirdi ki, bu gün dünyanın gözü Azərbaycanda, Qəbələdədir:
"Ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə sahib olan qardaş ölkələrin liderləri burada bir araya gəlir. Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü təkcə region üçün deyil, həm də qlobal səviyyədə əhəmiyyət kəsb edən strateji bir hadisəyə çevrilib. Bu gün artıq Türk Dövlətləri Təşkilatı qlobal geosiyasi xəritədə mühüm aktora, yeni bir güc mərkəzinə çevrilməkdədir. Zirvə çərçivəsində təhlükəsizlikdən tutmuş iqtisadi əməkdaşlığa, enerji və nəqliyyatdan humanitar sahələrə qədər geniş spektrdə məsələlər müzakirə olunur. Belə bir mötəbər toplantıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü Türk Dövlətləri Təşkilatı ölkələrinin birgə hərbi təlimlərinin keçirilməsi ilə bağlı təklifi xüsusi vurğulanmalıdır. Bu, sadəcə hərbi baxımdan deyil, siyasi və strateji baxımdan da son dərəcə əhəmiyyətli bir addımdır".

Polkovnik qeyd etdi ki, birgə hərbi təlimlərin keçirilməsi əsgər, Silahlı Qüvvələr üçün böyük təcrübə olar.
"Bu cür təlimlər şəxsi heyətin döyüş qabiliyyətinin, operativ hazırlığının, koordinasiya imkanlarının artırılması baxımından ciddi rol oynayır. Həm təcrübə mübadiləsi, həm də ortaq təhlükəsizlik konsepsiyasının formalaşması üçün bu kimi tədbirlərin müntəzəm şəkildə keçirilməsi zəruridir. Bu gün türk dünyası təkcə mənəvi deyil, həm də geosiyasi, iqtisadi və hərbi baxımdan getdikcə daha çox birləşən və güclənən bir coğrafiyaya çevrilir. Mən inanıram ki, yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatı ölkələri vahid bir güc mərkəzi kimi çıxış edəcək və dünya siyasətində söz sahibi olacaq. Türk Dövləti Təşkilatı üzvlərinin də İlham Əliyevin bu fikrini dəstəkləyəcəyinə əminəm", - deyə Elşad İsayev vurğuladı.
Xədicə BAXIŞLI













