"Ukrayna heç bir halda bu rüsvayçı və rəzil plana “hə” deməyəcək" - Polkovnik
ABŞ-nin Ukraynada münaqişəni həll etmək üçün hazırladığı yeni təkliflər Kiyevin bir sıra ərazilərdən və “bəzi növ silahlardan” imtina etməsini nəzərdə tutur. Məlumatda qeyd olunur ki, ABŞ istəyir ki, Kiyev planın əsas müddəalarını qəbul etsin. Təkliflərə həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılması da daxildir.
Bəs rəsmi Kiyev bu planı qəbul edə bilərmi?
Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, ABŞ-nin Ukraynada münaqişəni həll etmək üçün hazırladığı 28 bənddən ibarət müddəalar çox absurd və qəbulolunmazdır.
Onun sözlərinə görə, rəsmi Kiyev bunu heç bir halda qəbul etməyəcək.
"Amerika Prezidenti Donald Trampın Rusiya qarşısında qorxaqcasına bu planı dilə gətirməsi, işğalçıya əraziləri peşkəş etməsi, Ukrayna silahlı qüvvələrinin sayının azaldılması, rus dilinin ikinci dövlət dili elan olunması mümkünsüzdür. Bu, Amerikanın növbəti fiaskosudur. O planı hazırlayanlar görün kimdir: Dövlət katibi Rubio, vitse-prezident Vens, Rusiyanın bir nömrəli adamı Stiven Uidkov, ABŞ prezidentinin kürəkəni Kuşner. Ukrayna tərəfindən hətta yalan dövriyyəyə buraxırlar ki, guya Ukrayna tərəfi də bu məsələyə razılıq verib. Ukrayna tərəfi indi onu təkzib edir".
Müsahibimiz həmin planı rüsvayçılıq adlandırdı:
"Əlbəttə ki, bu plan qəbul edilməzdir və rüsvayçılıqdır. Ukrayna silahlı qüvvələrinin sayının azaldılması gələcəyin söhbətidir. Ona görə ki, hələ Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir və müəyyən məsələləri həll etməlidir. Ukraynaya bu qədər silahlı qüvvələr saxlamağa ehtiyac olmayacaq. Putinin bütün hikkələri və hoqqaları Tramp tərəfindən rəsmi sənədə yazdırılıb və indi Ukraynanı məcbur etmək istəyir ki, bu plan qəbul olunsun".
Üzeyir Cəfərov Ukrayna Prezidenti Volodimir Zelenskinin dünən Türkiyəyə səfər etməsi məsələsinə də toxundu:
"Dünən Zelenskinin Türkiyəyə səfəri də təsadüfi deyildi. O, bu məsələdə qardaş Türkiyənin dəstəyinə arxalanmaq istəyir. Qardaş Türkiyə Krımın Ukraynanın ayrılmaz hissəsi olduğu ilə bağlı dəfələrlə deyib. Dünən Ərdoğanla Zelenski arasında keçirilən görüşdə də bir sıra məsələlər, o cümlədən də bu məsələlər razılaşdırılmışdı. Zelenski nə etdiyini çox gözəl bilir və doğru da edir, çünki Türkiyə də bu mövqedən əl çəkməyəcək.
Faktiki olaraq bu gün hələ bu məsələyə Avropa rəsmilərinin münasibəti açıqlanmayıb. Avropa rəsmilərinin də münasibəti açıqlanandan sonra bütün dünya Trampın nə rəzil gündə olduğunu bir daha görəcək. Tramp hələ ciddiliyinə qayıtmaq istəmir və ciddi ola bilmir. İşğalçı dörd ildir suveren bir ölkənin ərazilərini işğal edir və sən də onun istəyinə uyğun olaraq plan təklif edirsən ki, biz sənə qarant duracağıq, sən buradan imtina elə, ordan imtina elə.
Kiyev artıq bir sıra məsələləri həll edib. Hətta bu gün səhər saatlarında gördüm ki, Almaniya da artıq uzaq mənzilli raketlərin Ukraynaya verilməsi ilə bağlı müsbət qərarını açıqlayıb. Ona görə də Ukrayna heç bir halda bu rüsvayçı və rəzil plana “hə” deməyəcək və bunu heç bir halda qəbul etməyəcək".
Aytəkin TOFİQQIZI













