"ABŞ hərbi əməliyyat keçirməyə hazırdır" - Hərbi ekspert
ABŞ-Venesuela münasibətləri son zamanlarda olduqca gərgindir. ABŞ Venesuelanı narkotik qaçaqmalçılığı ilə mübarizədə yetərsiz olmaqda ittiham edir.
Bəs ABŞ-Venesuela arasındakı gərginlik nə ilə nəticələnə bilər?
Redaktor.az-a danışan hərbi ekspert Azad İsazadə bildirdi ki, ABŞ-Venesuela münasibətləri həddindən artıq gərginləşib:
"İlk baxışdan görürük ki, ABŞ Venesuelada hərbi əməliyyat keçirmək üçün kifayət qədər qüvvəni regionda toplaya bilib. Ümumiyyətlə, aviasiyadaşıyan qruplaşmanı Venesuela sahillərinə yaxınlaşdırıb. Səhv etmirəmsə, 15 minə yaxın əsgər də həmin zonada yerləşdirilib. ABŞ hərbi əməliyyat keçirməyə hazırdır. Amma istisna etmirəm ki, bu sadəcə güc nümayişidir və Maduro artıq hansısa siqnallar da göndərməyə başlayıb ki, hakimiyyətdən getməyə hazırdır. Lakin ABŞ görünür ki, bu şərtlərlə razı deyil".

Müsahibimiz qeyd etdi ki, həmin bölgədə narkotik məsələsi mövcuddur:
"Venesuelada, ümumiyyətlə isə bütün Latın Amerikasında narkotik istehsal edən ölkə az deyil. Amma məncə bu, məsələnin görüntülü tərəfidir. Reallıqda isə söhbət dünya bazarında ucuz və kifayət qədər çox olan Venesuela neftinin və o cümlədən benzinin çıxarılması, bununla da neft qiymətlərinin aşağı salınmasından gedir.
Bu gün deyə bilərəm ki, hərbi əməliyyat keçirmə riski həddindən artıq yüksəkdir. Amma bəzi mənbələr üç ssenaridən danışır və hərbi əməliyyat sonuncu ssenaridir. İstisna etmirəm ki, digər iki ssenari Venesuela daxilində hansısa çaxnaşmanın yaradılması, yaxud Maduronun aradan götürülməsi üçündür. Çox güman ki, həmin ssenarilər üzərində hələ işləyirlər, lakin üçüncü ssenari də masanın üzərindədir".
Aytəkin TOFİQQIZI













