"Rusiya, əsgərinin ayağı dəymədiyi yeni ərazilər tələb edir" - Hərbi ekspert

 18:09 28.11.2025     1113

Rusiya Prezidenti Vladimir Putin açıqlamasında bildirib ki, Ukraynada davam edən hərbi əməliyyatlar o zaman dayandırıla bilər ki, Ukrayna Silahlı Qüvvələri hazırda tutduqları mövqelərdən geri çəkilsin.

Rusiya liderinin açıqlamasını Redaktor.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev qeyd etdi ki, Rusiyanın ümumiyyətlə, hərbi əməliyyatların dayandırılması, atəşkəsin əldə olunması və sülh sazişinin imzalanması barədə verdiyi istənilən bəyanat formal xarakter daşıyır.

Onun sözlərinə görə, Rusiya hazırda Ukrayna ərazisində işğal templərini əvvəlki aylara və illərə nisbətən qismən sürətləndirib:

"Ərazidə taktiki üstünlük və təşəbbüs də Rusiyanın tərəfindədir. Belə olan bir halda Rusiya danışıqlarda iştirak edəcək, amma real olaraq müharibənin başa çatması üçün real addımlar atmayacaq. Ümumiyyətlə, Ukraynaya qarşı irəli sürülən tələblər hər dəfə yenilənəcək və Rusiyanın daha sərt tələbləri səsləndiriləcək. Ukraynada davam edən əməliyyatların dayandırılması üçün Ukrayna Silahlı Qüvvələrinin tutduqları mövqelərdən geri çəkilməsi təklifini Ukrayna Prezidenti Volodimir Zelenski qəbul edərsə, bu, həm ölkə daxilində, həm də Ukraynanı bu müharibədə dəstəkləyən Avropa ölkələri tərəfindən böyük narazılıqlara səbəb olacaq. Digər tərəfdən isə Ukraynanın tutduqları mövqelərdən geri çəkilməsi Rusiyanın NATO sərhədlərinə daha da yaxınlaşması demək olacaq.

Əgər Ukrayna daha əvvəl rus qoşunlarının ərazisindən çıxarılması barədə bəyanatlar verirdilərsə, indi bu bəyanatlarda qoşunların olduğu ərazilərdə qalması ilə barışdıqlarını ifadə edirlər. Amma indi Rusiya razılaşmır. O, əsgərinin ayağı dəymədiyi yeni ərazilər tələb edir və Ukrayna da hazırda çıxılmaz vəziyyətdə qalıb. Avropa silah və maliyyə ayırmağa imkanları məhdudlaşıb, ABŞ isə ödənişi olmadan silahları Ukraynaya verməyəcəyini açıq dillə ifadə edir. Belə olan halda Ukrayna hazırda çox mürəkkəb və çıxılmaz vəziyyətdədir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən