Putinin “təhlükəsizlik zolağı” Ukraynaya təzyiqi artırmaq məqsədi daşıyır - Hərbi ekspert

 18:00 03.12.2025     723

Rusiya Prezidenti Vladimir Putin hərbçilərlə müşavirədə Ukrayna ilə sərhəd boyunca “təhlükəsizlik zolağı” yaradılmasının vacibliyini bildirib. Rusiya KİV-nə görə, bu addım “Şimal” qruplaşmasının məsuliyyət zonasında daxili təhlükəsizliyi gücləndirməyə yönəlib.

Putinin “təhlükəsizlik zolağı” ideyasının strateji məqsədi nədir?

Sualımıza cavab olaraq Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Rusiya Ukraynaya qarşı apardığı işğalçı müharibədə hələ də əsas hədəflərinə nail olmayıb.

"Müharibənin gedişatında son aylarda Ukrayna hərbi və maliyyə yardımlarından müəyyən qədər məhrum olub. ABŞ-nin prosesə əvvəlki qədər aktiv müdaxilə etməməsi və daha yumşaq, rusiyapərəst görünən mövqe sərgiləməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Belə bir şəraitdə Rusiya Ukraynanı zəiflətmək və tükəndirmək üçün getdikcə daha sərt şərtlər irəli sürür".

Ekspertin fikrincə, Putinin Ukrayna ilə sərhəd boyunca “təhlükəsizlik zolağı” yaradılması ilə bağlı son açıqlaması da əslində Ukraynanı çökdürmək, ölkədədaxili etirazları artırmaq və mövcud hakimiyyəti təzyiq altına almaq məqsədi daşıyır.

"Qeyd olunan “təhlükəsizlik zolağı”nın Ukraynanın öz əraziləri hesabına yaradılacağı açıq şəkildə göstərir ki, bu addım ədalətsiz, beynəlxalq hüquqa zidd olmaqla yanaşı, Rusiyanın gələcək işğal planlarının davamıdır. Bu vəziyyət Ukraynanın yaxın perspektivdə daha böyük itkilərə məruz qalma ehtimalını artırır və Rusiyanın daha geniş əraziləri nəzarət altına almaq niyyətinin bir hissəsi kimi görünür. Beləliklə, Moskvanın bu strategiyası həm Ukrayna Silahlı Qüvvələrinin imkanlarını məhdudlaşdırmağa, həm də ölkənin müdafiə potensialını zəiflədərək müharibədə öz xeyrinə dönüş yaratmağa hesablanıb", -  deyə Ədalət Verdiyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən