"Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir" - Siyasi analitik
Prezident İlham Əliyev bildirib ki, hazırkı dünyada hər bir ölkə öz hərbi potensialını gücləndirməlidir. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv ölkələrlə birgə hərbi təlimlərin həm rəmzi, həm də praktiki əhəmiyyətini vurğulayıb.
Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi analitik Lətif Şüküroğlu bildirdi ki, bu addım reallaşa bilər:
"Bilirsiniz ki, Türkiyə, Azərbaycan, Pakistan və ABŞ-nin xüsusi hərbi qüvvələrinin birgə təlimi keçirilib. Yəni əgər biz Pakistanla birlikdə ABŞ-nin hərbi hissələri ilə təlimlər keçiririksə, türk dövlətlərinin birgə təliminin keçirilməsi tamamilə mümkündür və güman ki, elə bu il ərzində də baş tutacaq. 2025-ci il oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyev bildirdi: “Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm”. Bu ideya artıq reallaşmaq mərhələsindədir və dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Azərbaycanın birgə hərbi təlimlərinin keçirilməsi məsələsində təşəbbüskar olması isə həm də 2020-ci il 44 günlük Vətən müharibəsində əldə olunan böyük Zəfərlə və sonrakı 5 il ərzində hərbi sahədə qazandığı uğurlarla bağlıdır. Bu gün türk dövlətləri arasında hərbi, hərbi-texniki, müdafiə sənayesi, kadr hazırlığı və sair sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsi birgə hərbi təlimlərin keçirilməsi üçün real zəmin yaradıb. Digər tərəfdən belə təlimlərin keçirilməsi istənilən ordunun döyüş hazırlığının və peşəkarlığının yüksəldilməsində əhəmiyyətli rol oynayır. Bu təlimlər qarşılıqlı təcrübənin öyrənilməsi və mənimsənilməsi ilə yanaşı, istənilən ordunun və xüsusi təyinatlı birləşmələrin hazırlıq səviyyəsinin yoxlanılması üçün ən yaxşı testdir".
Müsahibimiz əlavə etdi ki, türk dövlətləri bütün sahələrdə əməkdaşlıq edir. Onun sözlərinə görə, bura iqtisadi, siyasi, mədəni və hərbi sahələr daxildir:
"Hərbi əməkdaşlıq hərbi, hərbi-texniki, müdafiə sənayesi məhsullarının qarşılıqlı mübadiləsi və digər əhatə edir. Artıq Azərbaycanın müdafiə sənayesi məhsullarından qardaş türk dövlətləri də istifadə edir və bu əməkdaşlıq getdikcə genişlənir. Müdafiə sənayesinin yeni istiqamətlərində Türkiyənin bizə dəstəyini və iştirakını da qeyd etməliyik. Türkiyə tərəfi təcrübəsini paylaşır və mütəxəssislər vasitəsi ilə Azərbaycana dəstək verirlər. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra müdafiə sənayesinin təşkili sahəsində Türkiyənin təcrübəsindən istifadə edilməyə başlanıb. Əminik ki, bu əməkdaşlıq 2026-cı ildə daha yeni səviyyəyə qalxacaq. Onu da qeyd edək ki, Azərbaycan birgə təlimlərdə öz təcrübəsini bölüşməklə yanaşı, ümumən hərbi, o cümlədən komando birliklərinin və xüsusi təyinatlı qüvvələrin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün daha bir addım atmış olacaq. Ümumiyyətlə, son illərdə ordumuzun hərbi-texniki, eləcə də təchizat imkanlarının artması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəlməsi, mənəvi-psixoloji hazırlığın möhkəmləndirilməsi də Azərbaycanın hərbi təlimlərdə uğurla iştirakına stimul yaradır".
Lətif Şüküroğlu qeyd etdi ki, Azərbaycan bütün türk dövlətlərinin qatılacağı hərbi təlimlərdə öz təcrübəsini nümayiş etdirəcək.
"Hərbi qüvvələr müxtəlif ikitərəfli və çoxtərəfli təlimlərdə peşəkarlıqlarını göstəriblər. Növbəti təlimlər olacaq, Azərbaycan hərbçiləri də digər türk dövlətləri ilə birlikdə peşəkarlığını nümayiş etdirəcək. Bu təlimlərin əsas əhəmiyyəti ondan ibarətdir ki, ordu nə qədər peşəkar və hazır olsa da, təlimlər onu sınaqdan keçirir, digər ölkələrin təcrübəsi mənimsənilir və öz təcrübən daha da artırılır. Hətta konkret döyüş meydanı olmasa da, hərbi təlimlər döyüşün son hazırlıq mərhələsi kimi qiymətləndirilir. Təlimlərdə iştirak edərək hər bir ordu özünün nə dərəcədə təkmil olduğunu, hansı sahələrdə boşluqların olduğunu və peşəkarlığın artırılmasına ehtiyac olduğunu görür və tətbiq etməyə başlayır", - deyə siyasi analitik vurğuladı.
Nuriyyə NATİQQIZI












