“Türkiyənin nüvə silahları yarışına qoşulması zəncirvari reaksiya yarada bilər” – Hərbi ekspert
Türkiyə Xarici İşlər naziri Hakan Fidan bildirib ki, əgər regionda hansısa ölkədə nüvə silahı peyda olarsa, Türkiyənin də nüvə silahları yarışına qoşulması qaçılmaz ola bilər.
Türkiyənin nüvə silahları yarışına qoşulması region üçün nə vəd edir?
Mövzu ilə bağlı hərbi ekspert Anar Şuşalı Redaktor.az-a açıqalamasında bildirdi ki, Hakan Fidanın məlum açıqlaması regional və beynəlxalq gündəmdə geniş müzakirələrə səbəb olub:
"Ekspertlər hesab edirlər ki, bu bəyanat Ankaranın dəyişən təhlükəsizlik mühitinə verdiyi ciddi mesajdır. Bəs Ankara nə demək istəyir? Rəsmi Ankara hələlik nüvə silahı əldə etmək niyyətini açıq şəkildə bəyan etmir. Lakin Hakan Fidanın sözləri onu göstərir ki, Türkiyə regionda güc balansının köklü şəkildə dəyişməsini öz milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirir. Xüsusilə İranın nüvə proqramı, İsrailin qeyri-rəsmi nüvə statusu və Ukrayna müharibəsi fonunda nüvə silahlarının yenidən əsas vasitə kimi ön plana çıxması bu mövqeni gücləndirir".
Müsahibimizin fikrincə, regionada mümkün təsirlər, Yaxın Şərqdə silahlanma yarışını sürətləndirə bilər:
"Türkiyənin bu istiqamətdə addım atması region ölkələrində zəncirvari reaksiyaya səbəb ola bilər. İran, Səudiyyə Ərəbistanı və Misir kimi dövlətlərin nüvə ambisiyalarını artırması istisna deyil. Bu isə Yaxın Şərqi daha riskli və qeyri-sabit məkana çevirə bilər.
Bu baxımdan Qafqaz və Qara dəniz də yeni mərhələyə keçə bilər. Türkiyənin nüvə silahları yarışına qoşulması Qara dəniz və Cənubi Qafqazda təhlükəsizlik balansına da təsirsiz ötüşməyəcək. Rusiya ilə münasibətlərdə yeni gərginlik mərhələsi yarana, bölgədə hərbi-strateji rəqabət dərinləşə bilər. Bu fonda Azərbaycanın regional əhəmiyyəti və strateji rolu daha da arta bilər.
Bütün bu olayların fonunda NATO daxilində suallar yarana bilər. Türkiyə NATO üzvü olsa da, müstəqil nüvə proqramı alyans daxilində ciddi müzakirələrə səbəb ola bilər. ABŞ və Avropa ölkələrinin bu məsələyə ehtiyatla yanaşacağı, hətta narazılıqların yarana biləcəyi istisna edilmir".

Onun sözlərinə görə, nüvə silahı tərəfdarları bunu təhlükəsizliyin son təminatı hesab etsələr də, mütəxəssislər Yaxın Şərq kimi həssas ərazilərdə, Avropa ölkələrində bu silahların yayılmasının riskləri daha da artırdığını vurğulayırlar:
"Siyasi böhranlar, hərbi toqquşmalar və səhv hesablamalar fonunda nüvə faktoru fəlakətli nəticələrə yol aça bilər. Hakan Fidanın açıqlaması Türkiyənin hazırda nüvə silahı əldə etməyə başladığını yox, regionda təhlükəsizlik mühitinin sürətlə dəyişdiyini göstərir. Əgər yaxın gələcəkdə regionda yeni bir nüvə dövləti meydana çıxarsa, bu, Türkiyəni də strateji seçim qarşısında qoya bilər. Bu isə Yaxın Şərq, Qafqaz və Qara dənizdə daha mürəkkəb və riskli təhlükəsizlik dövrünün başlaya biləcəyindən xəbər verir".
Aytəkin TOFİQQIZI













