Türkiyəli politoloq Hakan Fidanın nüvə silahı bəyanatını şərh ETDİ
Türkiyə Xarici İşlər naziri Hakan Fidan bildirib ki, əgər regionda hansısa ölkədə nüvə silahı peyda olarsa, Türkiyənin də nüvə silahları yarışına qoşulması qaçılmaz ola bilər.
Bəs Türkiyənin nüvə silahı istehsal etməsi real ola bilərmi?
Redaktor.az-a danışan türkiyəli politoloq İsmail Cingöz bildirdi ki, Yaxın Şərq coğrafiyasında yerləşən İsraildə nüvə silahının olduğu məlumdur:
"Lakin bunun rəsmi şəkildə açıqlanmadığı da müşahidə olunur. Bununla yanaşı, İranın nüvə silahına sahib olmaq istədiyi ilə bağlı ABŞ, İsrail və Qərbdə bəzi ölkələrin iddialarının olduğu da unudulmamalıdır. Hər nə qədər İran “nüvə fəaliyyətlərini silah məqsədilə deyil, dinc və insani məqsədlərlə inkişaf etdirirəm” desə də, atılan mövcud addımların gələcəkdə nüvə silahına yiyələnməyə yönəlik olduğu ehtimalı da nəzərə alınmalıdır. Çünki bu qədər zənginləşdirilmiş uranın nüvə silahında istifadə olunması kimi bir hədəfə xidmət etdiyi açıq şəkildə görünür".
Politoloqun sözlərinə görə, nüvə silahına sahib olacağı təqdirdə İranın ilk təhdid kimi İsraili hədəf alacağına dair fikirlər səslənsə də, bu, bütün region ölkələrinə təsir edəcək:
"Çünki nüvə silahının ciddi mənada çəkindirici təsirə malik olduğu artıq sübut olunmuş və təcrübədə təsdiqlənmiş bir faktdır. Nüvə silahı bir gücdür və bu silaha sahib olan ölkələr asanlıqla hücuma məruz qalmırlar. Məhz buna görə Yaxın Şərq coğrafiyasında, xüsusilə İran başda olmaqla hər hansı bir ölkənin nüvə silahına sahib olması halında bölgədə nüvə yarışının başlayacağı ehtimalı diqqətdən kənarda qalmamalıdır. Çünki hər bir ölkə qonşularındakı nüvə silahı təhlükəsinin bir gün özünə yönələ biləcəyi narahatlığını daşıyacaq və nəticədə region ölkələrinin də nüvə silahı əldə etmək üçün intensiv fəaliyyətə yönələcəyi aydındır. Bu, gizli saxlanılan bir proses deyil. Belə bir vəziyyətdə isə əlbəttə ki, Türkiyənin də öz təhlükəsizliyini təmin etmək üçün nüvə silahına sahib olma yarışına qoşulan ölkələrdən birinə çevriləcəyi qaçılmaz kimi qiymətləndirilir. Çünki bütün qonşular nüvə silahı əldə etmək istiqamətində yarışa girərsə, Türkiyə də öz ərazi bütövlüyünü qorumaq, işğal və hücum risklərinin qarşısını almaq üçün bu prosesdən kənarda qala bilməz. Bu, qarşılıqlılıq prinsipi və təhlükəsizlik zərurəti baxımından bölgədə hər hansı bir ölkə nüvə silahına sahib olarsa, Türkiyənin də özünü təminat altına almaq məqsədilə nüvə fəaliyyətlərinə qoşulmasını qaçılmaz edən bir məcburiyyət kimi təqdim olunur".
Xədicə BAXIŞLI













