"İş yerləri bağlandıqdan sonra insanlar kütləvi şəkildə MAXE olmuşdular"

 14:02 20.02.2026     520

"Əmək müqaviləsinin müddətinə toxunmaq lazımdır. Mən hesab edirəm ki, qanunvericilikdə olan müvafiq bəndlərdə dəyişiklik edilməsinə və eyni zamanda bu müddətlərə yenidən baxılmasına ehtiyac var".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.

Onun sözlərinə görə, hər bir müddətdən artıq həqiqi xidmətə salınan şəxs üçün təlimlərin keçirilməsi ən azı üç ay davam edir:

"Bu üç ay müddətində təlimlər keçirilir və müddət başa çatdıqdan sonra artıq həmin şəxsin xidmətə daxil olmaq hüququ yaranır. Lakin onlara verilən o üç aylıq təhsil, onların hazırlıq qabiliyyəti və digər məsələlər tam kənarda qalır. Əgər həmin şəxs başqa bir yerdə iş taparsa və qarşısında hər hansı öhdəliyi yoxdursa, daha çox əməliyyatın olduğu sahəyə keçəcək. Biz bunu koronavirus dövründə müşahidə etdik. Həmin dövrdə müəyyən iş yerləri bağlandıqdan sonra insanlar kütləvi şəkildə müddətdən artıq həqiqi xidmətə (MAXE - red.) cəlb olunmuşdular, çünki orada əməkhaqqı verilirdi və iş yeri mövcud idi. Lakin işə düzəldikdən bir müddət sonra iş yerləri açılanda onlar avtomatik olaraq ərizə verib çıxırdılar. Bu isə təlimlərin səmərəliyinə zərbə vurur, onları kənarda qoyurdu.

İkinci məsələ dövlətin hər bir bu şəxs üçün formalar tikdirməsidir - həm qış, həm yay formaları. Bu təxminən 1000-1500 manat başa gəlir və ayaqqabıdan başlayaraq geyimin bütün elementlərini əhatə edir. Daxili nizamnamədə də göstərilir ki, hər yeni gələn şəxs müvafiq formalarla təmin olunmalıdır. İşlədilmiş formanı başqasına vermək mümkün deyil. Deməli, bir şəxsə, götürək ki, həm qış, həm yay formaları tikdirilib; o, üç ay xidmət göstərir, altı ayı tamam olur və altı ay başa çatmamış həmin formaları təhvil verib dövlətdən çıxır. Bu isə dövlətin üzərinə əlavə xərclər qoyur. Ona görə də bütün bu məsələlər diqqətlə götür-qoy edilməlidir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən