"Türkiyəyə növbəti zərbə təsadüfi hesab edilə bilməz" - Hərbi ekspert

 13:01 31.03.2026     919

Ötən gün İrandan atıldığı müəyyən edilən ballistik raket Aralıq dənizinin şərqində zərərsizləşdirilib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd edək ki, bununla artıq üçüncü dəfədir ki, Türkiyə üzərində ballistik raket vurulur.

Hərbi ekspert Ədalət Verdiyev Redaktor.az-a açıqlamasında bildirdi ki, hazırda İranın seçilmiş iqtidarı Türkiyə ilə münasibətlərin pozulmasında maraqlı deyil:

"Lakin İranda bugünkü idarəetmədə əsas söz sahibi dini rəhbərin komandasıdır və birbaşa onların idarəetməsində, onların tabeliyində olan SEPAH-dır. SEPAH isə İranın milli və dövlət maraqlarının tam ziddinə olaraq Türkiyə ilə münasibətləri pozmağa, Türkiyəni bu müharibəyə cəlb etməklə, ABŞ və İsrailin İranla olan mövcud münaqişəsinin miqyasını genişləndirməyə çalışır".

Müsahibimizin fikrincə, Türkiyəyə növbəti zərbə təsadüfi hesab edilə bilməz:

"Bu artıq neçənci dəfədir ki, baş verir. Türkiyə sadəcə bu münaqişədə İsrail ilə eyni cəbhədə qonşu İslam dövlətinə qarşı addımlar atmaq istəmir. Buna görə də kifayət qədər geniş imkanlara malik olan İrana istədiyi an sarsıdıcı zərbə endirmək imkanına malik olan Türkiyə bu münaqişədə özünü kənarda saxlamağa çalışır. Amma Türkiyənin də səbrinin bəlli bir həddi, bəlli bir hüdudu var. SEPAH bu addımları ilə İranın qarşısında olan, onunla qeyri-dost münasibətdə olan ölkələrin sayını artırır. Bu da İranın gələcəyi üçün kifayət qədər böyük məhrumiyyətlər və məhdudiyyətlər vəd edir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən