"İranın ABŞ gəmilərinə dronlarla endirdiyi zərbələr effektiv olmayacaq" - Hərbi ekspert

 18:39 20.04.2026     752

"İki həftədir davam edən atəşkəs rejimi artıq başa çatmaq üzrədir. İran da danışıqlar prosesinin növbəti ikinci mərhələsindən imtina edib. Buna cavab olaraq, ABŞ genişmiqyaslı hərbi əməliyyatlara başlamağa tələsmir. O, İranın Hörmüz boğazındakı fəaliyyətini məhdudlaşdırmaqla rəsmi Tehranı həm danışıqlar masasına əyləşdirməyə, həm də irəli sürülən tələblərin diplomatik yolla yerinə yetirilməsinə nail olmağa çalışır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirdi.

Müsahibimiz İranın endirəcəyi zərbələrin ciddi bir nəticə verəcəyini düşünmür.

"İndiki vəziyyətdə İranın dəniz qüvvələri kifayət qədər zəifləyib, dronlarla endirilən zərbələr isə effektiv olmayacaq. ABŞ gəmiləri daha müasir silahlarla müdafiə olunur. Kütləvi zərbələr endirmək isə İranın yenidən ABŞ aviasiyasının hədəfinə çevrilməsi ilə nəticələnə bilər ki, bu da İranın itkilərini daha da artırar, danışıqlar masasını isə tamamilə darmadağın edər".

Ə.Verdiyev qeyd etdi ki, hazırkı vəziyyətdə sülhün əldə olunmasından daha çox döyüş əməliyyatlarının bərpa ediləcəyi bir mənzərə müşahidə edilir:

"Odur ki, İran tədbirli və səbirli davranmalı, ABŞ ilə riskli addımlardan çəkinməlidir. Çünki ABŞ bu atəşkəs dövründə regionda mövcud olan hərbi kontingentinin sayını kifayət qədər artırıb. Bu həm İrana təzyiqləri gücləndirmək, həm də ABŞ-nin daha əvvəl irəli sürdüyü tələblərin yerinə yetirilməsinə nail olmaq məqsədi daşıyır. Regionda vəziyyət kifayət qədər gərgindir; atəşkəsin pozulması və döyüş əməliyyatlarının bərpa olunması ehtimalı kifayət qədər yüksəkdir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən