"İranla müharibə ABŞ-nin dünyada hegemonluğuna son qoya bilər" - Hərbi ekspert
ABŞ Prezidenti Donald Tramp razılaşma əldə edilməyəcəyi təqdirdə, İranı bombalamaqla hədələyib. Dövlət başçısı qeyd edib ki, ABŞ ordusu bunu etməyə hazırdır.
Bəs tərəflər arasında yenidən müharibə başlaya bilərmi?
Hərbi ekspert Emin Həsənli Redaktor.az-a açıqlamasında bildirdi ki, hər an hər bir şey ola bilər, vəziyyət gərgindir.
Onun sözlərinə görə, razılaşma nəticə verməsə, ABŞ məcburdur ki, müharibəyə getsin:
"ABŞ əvvəlcədən də yanlış addımlar atırdı, indi də o yanlış addımları davam etdirir. Hesab edirəm ki, ABŞ-nin nüfuzuna böyük zərbə dəyib. Vyetnamdan, Əfqanıstandan sonra ən böyük uğursuzluğu ABŞ burada etdi. Proses onu göstərir ki, bu məsələ hələ xeyli uzanacaq. İranın ərazisi bombalanır, generalları öldürülür, ona görə də İranın itirəcəyi bir şey yoxdur. Maksimum çalışır ki, bu məsələdən nəticələr əldə etsin".

Müsahibimiz müharibənin yenidən başlaması ehtimalından da danışdı:
"Müharibə başlasa, xeyli davam edə bilər. ABŞ sonradan məcbur olub quru əməliyyatına keçsə, daha çox itki verəcək. İran üçün itkinin əhəmiyyəti yoxdur. İranda təcavüzə məruz qaldığı üçün müdafiə zamanı ölmək dini baxımdan şəhidlik sayılır.
Nəticədə ABŞ-nin həm iqtisadiyyatına zərbə dəyər, həm də canlı qüvvə itirsə, bu, xalq tərəfindən etirazla qarşılanar. Bu, ümumiyyətlə, ABŞ-nin nüfuzuna və dünyada hegemonluğuna son qoya bilər. Onsuz da ərəb və region dövlətləri, eyni zamanda dünyanın bir çox ölkələri bu müharibədən sonra artıq ABŞ-nin birmənalı hegemonluğunu qəbul etmir, hər biri bildirir ki, biz özümüzün təhlükəsizliyimizi qorumalıyıq və alternativ təhlükəsizlik çətirləri fikirləşirik. Yəni bu müharibə onu sübut etdi ki, ABŞ-nin hansı ölkədə hərbi bazası olmasa və yaxud da birbaşa müttəfiqi olmasa, o ölkənin təhlükəsizliyini təmin etmir".
Aytəkin TOFİQQIZI













