“Bu, insanlıq borcudur” – Polkovnikdən itkinlərlə bağlı Ermənistana ÇAĞIRIŞ

 17:52 06.05.2026     634

Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev ötən günlərdə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri ilə Qarabağ Universitetində görüşü zamanı azad olunmuş ərazilərdə mina problemindən və itkin düşmüş şəxslər məsələsindən danışıb. O qeyd edib ki, itkin düşmüş təxminə 4000 azərbaycanlı mülki şəxsin taleyi hələ də məlum deyil.

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, səsləndirilən fikirlər hər iki tərəf üçün aktualdır:

"Bizim üçün daha çox aktualdır ona görə ki, böyük mina problemi yaşayırıq. Ermənistanın zamanında özünün və havadarlarının işğal olunmuş ərazilərdə minalanma işlərini apararkən hər hansı bir qaydalara əməl etməməsi, formulyarların tərtib olunmaması bu gün bizi mina problemi ilə baş-başa qoyur və zaman-zaman biz təkcə hərbçiləri deyil, həm də ora köçmüş mülki insanların əzab-əziyyət çəkdiyinin şahidi oluruq. Kimisi minada heyvanlarını otararkən mina partlayışına tuş gəlir, kimisi həyət-bacada rahat gəzdiyi halda mina partlayışından xəsarət alır və yaxud da həyatını itirir. Eyni zamanda ANAMA əməkdaşları minatəmizləmə əməliyyatını həyata keçirərkən minanın qurbanı olurlar. Bununla yanaşı, həm də bizim itkin düşənlərin problemi var. 1990-cı illərdə döyüş gedən ərazilərdə insanlarımız itkin düşüb. Onların çıxarılması, meyidlərin dəyişilməsi həyata keçirilmədiyinə görə o insanlardan bu günə qədər də heç bir xəbər yoxdur. Düzdür, zaman-zaman işğaldan azad olunmuş ərazilərdə insan qalıqlarına rast gəlirik. Sonra o insan qalıqları Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən övladları itkin düşmüş sayılan adamlardan DNT analizi götürməklə müəyyən işlər görülür".

Polkovnikin fikrincə, Ermənistan da bu məsələdə Azərbaycana kömək etməlidir:

"Eyni zamanda hər iki tərəfdən müəyyən vaxt itkisinə yol verilib. İllər keçdikcə o ərazilərdə xidmət etmiş hərbçilər, o əraziləri yaxşı tanıyan insanlar da ya dünyasını dəyişirlər, ya da ki yaddaşlarından çıxır ki, hansı meyit harada dəfn olunub. Ermənistan o şəxslər barəsində məlumatı ona görə verə bilmir ki, erməni hərbçiləri insanlığa qarşı cinayətə yol veriblər. Məlumatı açıqlamırlar ki, hansı əzab-əziyyətlərlə insanları öldürüblər. Ermənistanın cinayət törətmiş şəxslərini belə özlərinə qaytarırıq və bu həmişə də elə olub. Amma təəssüflər olsun ki, Ermənistan tərəfi bu xoş addımı və yaxud da ki, xoş niyyəti həmişə ifadə etməyib. Ona görə də dəqiq məlumatımız bəzən olmur. Hesab edirəm ki, son münasibətlər, ictimaiyyət nümayəndələrinin gediş-gəlişi fonunda Ermənistan da Azərbaycanın xeyrinə müəyyən addımlar atacaq və bu itkin düşən insanların taleyi haqqında müəyyən məlumatların əldə olunmasında Azərbaycana dəstək olacaq. Çünki bu, çox vacibdir. İnsanlıq borcu kimi həm Ermənistanda, həm də Azərbaycanda bu problemə həssas yanaşılmalıdır. Mina problemi isə hələ uzun illər Azərbaycan üçün baş ağrısına çevriləcək. İndi insanlarımız hələ tam Qarabağa köçməyiblər və Qarabağda da zamanında çox böyük çirklənmələr olub. O çirklənməyə görə də bu minaların hələ uzun illər bizə problem yaşadacağına mən şəxsən əminəm və bu işdə beynəlxalq qurumlar da Azərbaycana dəstək olmalıdırlar".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən