"Ukrayna Rusiyaya daha ağır zərbələr vuracaq" - Polkovnik
Xəbər verdiyimiz kimi, Rusiya ordusu Kiyevə kütləvi hücum həyata keçirib.
Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Rusiyanın yenidən Kiyevə kütləvi hücumu rəsmi Moskvanın üzləşdiyi vəziyyətlə bağlıdır:
"Artıq iki gündür, 2014-cü ildə işğal olunmuş Krımda insanlar çox böyük çətinlik yaşayırlar. Yanacaq sarıdan çox böyük qıtlıq var. Yalnız həyati əhəmiyyət kəsb edən sahələrə məxsus olan avtomobillərə yanacaq ayrılır. Vətəndaşlara isə çox böyük çətinliklə 20 litr benzin verilir. Bu da demək olar ki, Krıma gələn həm turistlərin, həm də yerli insanların tələbatını ödəmir. Rusiya da bunun sanki acığını çıxmaq üçün bu gün Kiyevə, o cümlədən Xarkova və Dneprə zərbələr endirib. Çox təəssüflər olsun ki, ölənlər, yaralananlar var. Rusiya bununla Ukraynanı çəkindirmək istəyir.
Ukrayna Prezidenti Volodimir Zelenski də bildirib ki, Ukrayna lazım olan addımları atır. Minlərlə insan bu gecəni metroda keçirib. Yəni insanların rahatlığı pozulub, dağıntılar, yanğınlar var. Əlbəttə ki, Rusiyanın hücumları mənasızdır. Artıq beşinci ildir ki, bu taktikadan istifadə olunur. Ukrayna isə yeni taktikadan istifadə edir. Rusiyanın dərinliklərində olan logistik mərkəzləri vurur. Rusiyanın Dnepr qoşun birləşməsi artıq qida, silah-sursat və yanacaq qıtlığı hiss edir. Ona görə də Rusiya sonda məcbur olub Ukrayna ilə bir masa arxasına gələcək".
Polkovnikin sözlərinə görə, Ukrayna ordusu taktikanı dəyişib:
"Bu gün şəxsi heyətdən daha çox texnologiyadan istifadə olunur. Rusiya ordusu Kiyevə bu kütləvi hücumla yenidən Ukraynanı nəyəsə məcbur etmək istəyir. Yaxın saatlarda Ukrayna yəqin ki, Rusiyaya daha ağır zərbələr vuracaq. Necə ki, bu gün Ukrayna ordusu Krasnodardakı neft emalı zavodunu vurub. Müharibə tam şiddəti ilə 1560 gündür ki, davam edir. Hər hansı bir uğur əldə edilməyib. Cavab zərbəsi ilə Rusiya ərazisində itkilər olacaq, dağıntılar olacaq. Sonda tərəflər onsuz da danışıqlar masasına gəlməlidirlər. Bunu Ukrayna təklif edir, amma Rusiya rəhbərliyi ağılsızlıq edərək, öz inadkarlığını bax bu şəkildə davam etdirir".
Aytəkin TOFİQQIZI













