“Raket zərbələri artacaq, itkilər çoxalacaq” - Polkovnikdən İran-İsrail toqquşması ilə bağlı PROQNOZ
"İranla İsrail bir-birinə qarşı raket zərbələri həyata keçiriblər və axşam saatlarında bu məsələ ilə bağlı Amerika Prezidenti Donald Tramp da bəzi açıqlamalar verib. Düzdür, Amerika lideri İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışacağını və ondan zərbə endirməməyi xahiş edəcəyini bildirmişdi və mətbuatda gedən xəbərlər o idi ki, Benyamin Netanyahu Donald Trampa söz vermişdi. Amma göründüyü kimi, o, sözünün üstündə durmadı və İrana, İranın hərbi obyektlərinə zərbə endirib".
Bu fikirləri Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov səsləndirdi.
Həmsöhbətimiz vurğuladı ki, hərbi toqquşmalar gözlənilən idi:
"Çünki tərəflər arasında onsuz da hər hansı bir intensiv və yaxud da ki, real nəticəyə hesablanmış bir danışıq aparılmırdı. Ona görə də bu yaxın günlərdə tərəflər yenə də hərbi müstəvidə bir-birinə zərər verməyə çalışacaqlar və danışıqlar da demək olar ki, aparılmayacaq. Baxmayaraq ki, Amerika yenidən İranı danışıqlar masasına dəvət edib, mümkünsüzdür. Çünki bu müharibənin dayanması konkret olaraq İsrailin Baş nazirinin məhkəmə müstəvisində cavab verməyinə səbəb olacaq. Ona görə də Donald Trampla danışıqdan sonra da Baş nazir Netanyahunun zərbələr endirməsi və yaxud da bəzi addımlar atması, əlbəttə ki, mənim üçün şəxsən təəccüblü deyil. Ona görə hər iki tərəf yaxın saatlarda eskalasiyanı bir qədər də gücləndirəcəklər. Gedişat mürəkkəbləşəcək və çətinləşəcək. Yenə də Amerika prezidenti tərəfləri sakitliyə, təmkinə dəvət edəcək, amma bu da müvəqqəti xarakter daşıyacaq. Raket zərbələri hər iki tərəfdən artacaq və bu, insan ölümünə, çoxlu dağıntılara səbəb olacaq".
Aytəkin TOFİQQIZI













