“Ermənistan Rusiyaya tam alternativ tapa bilməz” - Hərbi ekspert
"Ermənistan hava hücumundan müdafiə baxımından yalnız özünə güvənməlidir”.
Bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan jurnalistlərlə keçirdiyi brifinqdə ölkənin hava hücumundan müdafiə sisteminin Rusiyanın hava hücumundan müdafiə sistemindən ayrılmasının ordunun transformasiya konsepsiyasına uyğun olaraq planlaşdırılıb-planlaşdırılmadığı sualına cavab olaraq bildirib.
Bəs Ermənistan Rusiyaya artıq güvənməməlidirmi?
Hərbi ekspert Ədalət Verdiyev Redaktor.az-a bildirdi ki, Rusiya-Ermənistan münasibətləri kifayət qədər gərgindir.
"Digər tərəfdən, son hərbi paradda Ermənistanın daha çox Hindistan istehsalı olan silahlara üstünlük verdiyi müşahidə olundu. Ermənistan kənar ölkələrin silah dəstəyi olmadan hava hücumundan müdafiə sistemini müstəqil şəkildə qurmaq imkanlarına malik deyil. Burada əsas məsələ ondan ibarətdir ki, Ermənistan hava hücumundan müdafiə sahəsində Rusiyanın birgə fəaliyyət proqramından imtina edərək, digər ölkələrin müdafiə sistemlərini silahlanmaya cəlb edəcək və həmin vasitələr əsasında mövcud hava hücumundan müdafiə sistemini inteqrasiya etməyə çalışacaq. Bu isə kifayət qədər böyük maliyyə vəsaiti və daha uzun zaman tələb edir. Perspektiv baxımından Rusiyanın hava hücumundan müdafiə sistemlərindən Ermənistanın tam imtina etməsi də real görünmür. İlk növbədə, Ermənistanın başqa bir ölkənin hava hücumundan müdafiə çətiri altına daxil olması zəruridir ki, bundan sonra Rusiya sistemlərindən mərhələli şəkildə imtina mümkün olsun".
Xədicə BAXIŞLI













