"Hərbi xidmətdən yayınanlara qarşı məsuliyyət sərtləşdirilməlidir" – Polkovnikdən generala DƏSTƏK

 16:53 29.06.2026     739

"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimovun yerli mətbuata verdiyi bəzi açıqlamalar geniş müzakirələrə səbəb olub. Bu da təbiidir. Son vaxtlar Azərbaycan hökumətində təmsil olunan bir neçə qurum rəhbəri öz fəaliyyət sahələri ilə bağlı geniş açıqlamalar veriblər. Məsələn, bir neçə gün əvvəl Dövlət Gömrük Xidmətinin rəisi, gömrük xidməti general-polkovniki Şahin Bağırov da ictimaiyyət qarşısında çıxış etmişdi. İndi isə Mürsəl İbrahimovun açıqlamaları gündəmdədir. Bu, çox vacib və faydalı yanaşmadır. Mən buna sevinirəm. Çünki mətbuat xidmətləri deyil, məhz birinci şəxslər rəhbərlik etdikləri sahələrlə bağlı ictimaiyyətə birbaşa məlumat verirlər. Burada diqqəti cəlb edən məsələlərdən biri də hərbi xidmətdən yayınma hallarının əsas səbəbləridir. Açıqlamalarda qeyd olunur ki, bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Hər iki istiqamətlə bağlı müəyyən fikirlər səsləndirilib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov səsləndirdi.

Onun fikrincə, əsas səbəblərdən biri odur ki, gənclərimiz, istər orta məktəblərdə, istərsə də ali təhsil müəssisələrinin bakalavr pilləsində təhsil alanlar özlərini hərbi xidmətə kifayət qədər hazırlamırlar:

"Təəssüf ki, bu gün Azərbaycanda hətta yüksək vəzifələrdə çalışan şəxslər də var ki, vaxtilə hərbi xidmət keçməyiblər, yəni konstitusion borclarını yerinə yetirməyiblər. Hesab edirəm ki, bunun qarşısı alınmalıdır. Mən hər zaman demişəm ki, dövlət başçısına vəzifələrə namizədlər təqdim olunarkən onların hərbi xidmətdə olub-olmaması, yəni konstitusion borclarını yerinə yetirib-yetirməmələri də nəzərə alınmalıdır. Çünki hər bir rəhbər kollektivinə nümunə olmalıdır. Hərbi xidmətdən yayınma hallarının səbəblərindən biri də gənclərin fiziki və mənəvi baxımdan buna tam hazır olmamasıdır. Halbuki hər il minlərlə gəncimiz hərbi xidmətə yollanır və bu xidməti şərəflə yerinə yetirir. Deməli, mövcud mexanizmlər yetərincə effektiv deyil. Onlar genişləndirilməli, daha da təkmilləşdirilməli və qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri sərtləşdirilməlidir. Mən də bunun tərəfdarıyam. Qanunvericilikdə məsuliyyət tədbirləri sərtləşdirilərsə, hərbi xidmətdən yayınan şəxslər harada yaşamalarından asılı olmayaraq məsuliyyətə cəlb oluna bilərlər. Əgər həmin ölkələrlə Azərbaycan arasında müvafiq hüquqi əməkdaşlıq mexanizmləri mövcuddursa, Azərbaycan onların məsuliyyətə cəlb olunmasını tələb və ya xahiş edə bilər".

Polkovnikin sözlərinə görə, bu addımlar problemin həllinə müsbət təsir göstərəcək:

"Qarabağ məsələsi həll olunduqdan sonra gənclərimiz böyük həvəslə hərbi xidmətə yollanırlar. Harada xidmət etmələrindən asılı olmayaraq, bir il və ya il yarım xidmət borclarını yerinə yetirib ailələrinin yanına qayıdırlar. Bir sözlə, bu istiqamətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təkbaşına bütün işlərin öhdəsindən gələ bilməz. Bu işdə bütün dövlət qurumları və hökumət strukturları ona dəstək olmalıdır. Hər bir insan görməlidir ki, qanundan yayınmaq üçün heç bir imkan yoxdur. Belə olan halda o, mütləq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, yəni keçmiş hərbi komissarlığa müraciət edəcək və Vətən qarşısında əsgəri borcunu yerinə yetirəcək. Bu istiqamətdə xeyli iş görülür, lakin hesab edirəm ki, görülən tədbirlər daha da dərinləşdirilməlidir. Biz həm dövlət qurumları, həm ictimaiyyət, həm mətbuat, həm də bütövlükdə cəmiyyət olaraq bu məsələdə birlik nümayiş etdirməli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qanun çərçivəsində etdiyi çağırışlara və tələblərə əməl etməliyik".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən