Trampın İranla bağlı dediklərinə ancaq avam adam inanar - Polkovnik
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla münaqişədə demək olar ki, bütün məqsədlərinə çatıb. Trampın sözlərinə görə, Amerika qüvvələri İranın bütün hərbi potensialını – donanmasını, hava qüvvələrini, radar sistemlərini və liderlərini məhv edib.
Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, ABŞ Prezidenti Donald Tramp öz açıqlamaları ilə dünyanı heyrətdə qoymaqda davam edir:
"Amerika prezidentinin verdiyi açıqlamaları yan-yana düzsək, bir cümlədən sonra ikinci cümlədə bunun təkzibini görürük. Bunu təkcə biz yox, bütün dünya görür. Doğrusu, Vaşinqton İranla münaqişədən hansı məqsədlərinə çatıb, mənə hələ də aydın deyil. İranda rejim dəyişikliyi, zənginləşdirilmiş uran və Hörmüz boğazı ilə bağlı məsələlər var idi ki, heç biri həll olunmayıb. Gərək siyasətdən başı çıxmayan adam olsun ki, Trampın dediklərinə inansın".
Həmsöhbətimiz vurğuladı ki, Tramp aralıq seçkilərində siyasətlə maraqlanmayan insanların səsini qazanmaq üçün bu cür bəyanatlar verir:
"İranda bəzi vəzifəli şəxslərin öldürülməsi Amerikanın məqsədinə çatması demək deyil. Amerika prezidentinin açıqlamasına Amerikanın özündə də artıq buna lətifələr qoşurlar. Bilirəm ki, əgər Amerika prezidenti bu aralıq seçkilərdə müəyyən uğursuzluğa düçar olsa, bunun riski daha böyükdür. Eyni zamanda Amerika prezidenti Donald Tramp Rusiya–Ukrayna müharibəsində hər hansı bir nəticə əldə eləməyib, əksinə, İsraillə Livan, eləcə də İsraillə İran arasında baş verən toqquşmalarda nə qədər maddi və mənəvi itkilər yaşanıb, bunlar hamısı tarixdə qalacaq hadisələrdir. Ona görə də Amerika prezidentinin bu açıqlaması, əlbəttə ki, reallıqdan uzaqdır və ümumiyyətlə, avam adam inana bilər".
Aytəkin TOFİQQIZI












